"QAN ÇIXARSALAR, MƏN DƏ QAN ÇIXARACAM ..." - "AMAY Abdulla" yenə  hədələdi

"İstəmirəm dərinə gedim, amma baxır necə davranacaqlarına.."

"Həbsdən sonra adamların arasında olduqca başa cüşdüm ki, bu ölkədə nələr baş verir..."

"Azərbaycanda "ədalət" sözü gərək leksikondan çıxarılsın. Biz niyə əziyyət çəkib, seçkiyə gedib deputat seçirik? Onsuz da bu ölkədə onların qəbul elədiyi qanuna baxan yoxdur. Baş Prokurorluğun, onun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yanaşmasından belə çıxır ki, Azərbaycanda ümumiyyətlə, Milli Məclisə ehtiyac yoxdur...", - deyə "AMAY" Ticarət Mərkəzinin rəhbəri Abdulla Abdullayev dünən Bakı Ağır Cinayətlər Məhkəməsində ifadəsində bildirib.

Ona qarşı irəli sürülmüş mənimsəmə, dələduzluq, vəzifədən sui-istifadə kimi ittihamların əsassız olduğunu deyən Abdulla Abdullayev bir daha vurğulayıb ki, həbsi sifarişin nəticəsidir. Məhkəmənin də verilən sifarişə uyğun hökm çıxaracağına əmindir. O, qeyd edib ki, Sahibkarlığın İnkişafına Yardım Fondundan bank vasitəsilə götürülmüş kreditlərə görə Fonddan Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilmiş bir məktub əsasında bir neçə il əvvəl cinayət işi başlanıb: "Fondla banklar arasında bağlanmış müqaviləyə əsasən, ayrılan vəsaitə birbaşa bank məsuldur. Fonddan alınmış vəsaitin ödənilməsi məsələsində başqa banklarla hər hansı problem olanda onları məhkəməyə verib, problemi mülki qaydada həll ediblər. Amma "Birlik bank"la bağlı məsələdə birbaşa cinayət işi açılması üçün Fond Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə məktub göndərib. Həmin məktub əsasında da 4 il əvvəl "Birlik bank"ın rəhbəri, baş mühasib və kredit departamentinin rəhbəri cinayət məsuliyyətinə cəlb olunub. Eyni məktub, eyni şikayət əsasında dörd il sonra yenə də cinayət işi qaldırılıb. Halbuki, bir əmələ görə iki dəfə cəzalandırma yerli və beynəlxalq qanunvericiliyə ziddir. Buna görə artıq qüvvəyə minmiş məhkəmə hökmü var.

Mən bu bankın Müşahidə Şurasının sədri olmuşam. Müşahidə Şurası sadəcə, nəzarətedici orqandır. Maliyyə naziri də Mərkəzi Bankın, Beynəlxalq Bankın Müşahidə Şurasının rəhbəridir. Belə çıxır ki, həmin banklarda hər hansı səhv olsa, maliyyə nazirini cəzalandırmaq lazımdır? Ən əsası, əgər mənim günahım var idisə, niyə 4 il əvvəl üç nəfəri məsuliyyətə cəlb eləyəndə məni də cəzalandırmadılar? Bankla bağlı mənə verilmiş bütün ittihamlar əsassızdır".

"43 min kvadrat metrlik obyekti əlimdən almaq istəyirlər"

Abdulla Abdullayev bank kreditlərilə bağlı ittihamdan danışarkən bildirib ki, "Texnikabank"dan götürülmüş kredit artıqlaması ilə ödənilib: "İttihamlara bu bankın adının da daxil edilməsi kredit götürülərkən girov qoyulmuş 43 min kvadrat metrlik obyekti mənimsəməkdir. Bu girov 20 milyona yaxın kreditə görə qoyulub. Hər kvadrat metr təxminən 500 manata düşür. Gözəl bilirlər ki, istənilən vaxt satılsa, 150 milyon pul eləyir. Ona görə də Korrupsiyaya Qarşı Mübarizə İdarəsilə birləşib bunları eləyirlər. "Texnikabank"la bağlı ittiham heç bir məntiqə, qanunvericiliyə sığmır".

Abdulla Abdullayevin sözlərinə görə, 2011-ci ildə "Birlik bank"ın lisenziyası alınarkən göstərilən səbəblərdən biri də bu olmuşdu ki, bank İrana bağlı çirkli pulların yuyulmasıyla məşğul olub. Lakin araşdırmalar zamanı bütün sübut edən fakt ortaya çıxmayıb.

"Bu ölkədə qanun yoxdur. Baş Prokurorluq qanunları istədiyi şəkildə yozur. Mən də bilirəm, siz hakimlər də bilirsiz, dövlət ittihamçısı da yaxşı başa düşür ki, mənə qarşı bu iş niyə açılıb. Korrupsiyaya Qarşı Mübarizə İdarəsi açıq-aşkar qanunların ziddinə gedir və istədiyini eləyir", - deyə Abdulla Abdullayev vurğulayıb.

"O lal-kar uşağın naləsi atasını nahaqdan ittiham edənləri tutacaq"

O, qeyd edib ki, Azərbaycanda verilən 1 milyondan yuxarı bütün kreditlər nəzarətdədir: "Məlum məsələdir ki, 3 milyon 400 minlik krediti bizə elə belə verməmişdilər. İstəmirəm, bəzi məsələlərdə dərinə gedim. Amma baxır, necə davranacaqlar. Yüngül qaşısalar, mən də üzdən gedərəm. Yox, möhkəm qaşıyıb, qan çıxarsalar, mən də qan çıxaracam..."

Abdulla Abdullayev ibtidai istintaq zamanı ona qarşı yeni-yeni ittihamların irəli sürülməsindən də danışıb: "Əvvəl dedilər ki, 3 milyon 400 min ödənilsin, məsələ bağlansın. Bu, həll olundu. Sonra daha iki maddə verdilər. Dedilər ki, 522 minlik mənimsəmə var, bunu da ödəyin, qurtarsın. Dedim, bunu əvvəl niyə demirdiniz? Mən pul ödədikcə, siz təzə-təzə maddələr çıxaracaqsız? Müstəntiq 10 aylıq istintaq müddətində cəmi 4 dəfə yanıma gəlib. Hər dəfə də yeni maddələr gətirib.

Burada oturan uşaqların (onunla yanaşı mühakimə olunan beş işçisini nəzərdə tutur-red.) günahı nədir? Elşənin bir xəstə uşağı var, hakimlər deyib ki, uzağı 20 yaşına qədər yaşaya bilər. Elşəni dörd il əvvəlki iş üzrə tutmuşdular, Allah qapısını açdı, çıxdı. Onun qızı lal-kardır. Elşən həbsdə olanda səhərdən axşama qədər ağlayıb, qışqırıb atasını istəyirdi. O uşağın naləsi onun atasını nahaqdan ittiham edənləri tutacaq. Yaxud Hadejda xanım, onun da bir xəstə övladı var. Gəlib dedilər ki, belə bir xanım var, yarım "oklad" iş istəyir. Dedim, belə vəziyyətdə olan qadına yarım "oklad" iş verə bilmərəm, bir "oklad" verdim. İndi bu bədbəxt qadının günahı nədir ki, ona ittihamlar vermisiz?"

Abdulla Abdullayev çıxışında onu da bildirib ki, həbsdən sonra müxtəlif insanların arasında olduqca Azərbaycanda gerçəkdən nələr baş verdiyini öyrənir: "Mən indi başa düşürəm ki, adamların içində olmaq nə deməkdir. İndi görürəm ki, əslində, ölkədə, cəmiyyətdə nələr baş verir. Sən demə, mən həbsdən əvvəl heç nə bilmirəmmiş. Ətrafımdakılardan başqa heç nəyi görmürdüm. Ona görə də çox şeyi bilmirdim..."

Xatırladaq ki, təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılanlar arasında Abdulla Abdullayevin özü ilə yanaşı, beş nəfər işçisi - Elşən Nəzərov, Heydər Rzayev, Mehman Məmmədxanlı, Vidadi Qurbanov və Hadejda İlyasova da var. Onlara qarşı dələduzluq, mənimsəmə, vəzifədən sui-istifadə kimi ittihamlar irəli sürülüb. Amma Abdulla Abdullayev istisna olmaqla, digərlərinin barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Bu iş üzrə məhkəmə prosesi martın 19-da davam edəcək. (azadlıq.info)

------------------------

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev və onun beş nəfər işçisi Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Onlara qarşı dələduzluq, mənimsəmə, vəzifədən sui-istifadə kimi ittihamlar irəli sürülüb. Amma Abdulla Abdullayev istisna olmaqla, digərlərinin barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. 

Bir ilə yaxındır həbsdə olan “AMAY” Ticarət Mərkəzinin sahibi Abdulla Abdullayev dünən keçirilən məhkəmə iclası məmurların ünvanına ciddi ittihamlar səsləndirib. "Azadlıq.info"nun məlumatına görə, heç bir cinayət törətmədiyiini iddia edən Abdulla Abdullayev sifarişlə həbs olunduğunu bildirib.

Abdulla Abdullayevə qarşı qaldırılmış yeni mülki iddialar müzakirəyə çıxarıldı

Dünənki məhkəmə iclasında Abdulla Abdullayev ifadə verməmişdən əvvəl ona qarşı qaldırılmış 2 milyon 120 min manatlıq yeni mülki iddia müzakirəyə çıxarılıb. Fevralın 26-da keçirilən ötən məhkəmə iclasında hakim bildirmişdi ki, məhkəməyə iş üzrə zərərçəkmiş Orxan Cəfərovdan mülki iddia daxil olub. İddiada 2 milyon 120 min manatın Abdulla Abdullayevdən tutularaq, onun əmlakına yönəldilməsi istənilir. Lakin iddiaçı özü prosesdə iştirak etmədiyindən onun qəbul edilib-edilməməsi məsələsinin müzakirəsi növbəti məhkəmə iclasına saxlanılmışdı.

Dünənki məhkəmədə Orxan Cəfərov iddiasını əsaslandırıb. Onun dediklərindən məlum olub ki, 2011-ci ildə dünyasını dəyişmiş nənəsinin adına “Xudafərin” MMC-nin inşa etdiyi binadan obyekt alıblar. Obyektdə təmir işləri aparılan zaman başqa bir adam gəlib ki, bura mənim əmlakımdır, əlində də Ali Məhkəmənin qərarını göstərib. Orxan Cəfərov onu da qeyd edib ki, anası, dayıları vərəsələrdir.

Lakin müdafiə tərəfi bu mülki iddianın icraata qəbul olunmasına etiraz edib. Vəkillər fikirlərini belə əsaslandırıblar ki, qanunun tələbinə görə, bu cür iddia ərizələri məhkəmə istintaqı başlanana qədər verilməlidir. Məhkəmə istintaqı isə fevralın 19-da başlanıb.

Vəkillər eyni zamanda, Orxan Cəfərovun ümumiyyətlə, zərərçəkmiş statusuna xitam verilməsini istəyiblər. Bildiriblər ki, prokurorluq onu şahid qismində dindirib. İş materiallarında onun zərərçəkmiş qismində tanınmasına dair hər hansı qərar, bu statusda heç bir ifadəsi yoxdur.

Bundan sonra hakim elan edib ki, məhkəməyə daha bir zərərçəkmişdən - Aslanova Mahirədən də mülki iddia daxil olub.

Abdulla Abdullayevin vəkili Osman Kazımov bildirib ki, bu mülki iddiaların heç biri icraata qəbul oluna bilməz: “Korrupsiyaya Qarşı Mübarizə Idarəsi bir qanunsuz işi formalaşdırıb verib məhkəməyə. Orxan Cəfərov bu işdə hüquqi baxımdan kimdir? Hüquqi varis kimi anası var, dayıları var. Elədirsə, Abdulla Abdullayevin də yerinə dayıoğlusundan, bibioğlusundan birini gətirib oturdun. Bu mülki iddialar birmənalı şəkildə qəbul oluna bilməz.

Bilirsinizmi Korrupsiyaya Qarşı Mübarizə Idarəsi niyə özbaşınalıq edir, yaramaz qərarlar qəbul edir? Çünki bilirlər ki, məhkəməyə göndərdikləri istənilən sənəd keçir. Ona görə də prokurorluq nə istəyir, eləyir. Qanunlara bir az hörmətlə yanaşmaq lazımdır. Insanları dövlətin adından bu qədər əzmək olmaz".

“Torba tikilib, qalıb ipin çəkilməsi...”

Abdulla Abdullayev özü də mülki iddialarla bağlı məsələyə münasibət bildirib: “Şərəfsizlik bu ölkədə elə həddə çatıb ki... Korrupsiyaya Qarşı Mübarizə Idarəsi də bundan sui-istifadə eləyir. Ödəniş eləmək üçün pulu olmayan 30-a yaxın adamdan heç bir vəsait almadan onlara evlərini tikib təhvil vermişik. İndi biz də durub deyək ki, pul verməyiblər, evdən çıxsınlar? Ayıbdır.

Hörmətli məhkəmə, məhkəməni tez başa vurun, onsuz da sifariş olan işdir. Nə deyirlərsə, o hökmü oxuyun, çıxıb gedək. Buradan əlimizi üzək, bilək ki, ədaləti Avropada axtarmalıyıq. Onsuz da torba tikilib, qalıb ipinin çəkilməsi..."

İş üzrə dövlət ittihamını müdafiə edən prokuror Fərid Nağıyev Orxan Cəfərovun mülki iddiasının icraata qəbul edilməsini istəyib. Deyib ki, həmin iddia məhkəməyə fevralın 18-də göndərilib, bunu zərfin üzərində tarixlə bağlı ştamp da sübut edir. Lakin Mahirə Astanovanın mülki iddiasının məhkəməyə istintaq başlanandan sonra təqdim edildiyini vurğulayaraq, onun icraata qəbulunun yolverilməz olduğunu bildirib. Həmçinin Orxan Cəfərovun zərərçəkmiş statusuna xitam verilməsi üçün heç bir əsas olmadığını deyən prokuror eyni zamanda, Osman Kazımovun bu işin ibtidai istintaqını aparmış Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin ünvanına söylədiyi fikirlərə də münasibət bildirib: “Bu idarə dövlətin hüquq-mühafizə orqanıdır. Onunla bağlı bu şəkildə ifadələrin səsləndirilməsi doğru deyil”.

Məhkəmənin mülki iddialar və Orxan Cəfərovun zərərçəkmiş statusuna xitam verilməsi məsələsilə bağlı qərarı isə prokurorun mövqeyilə üst-üstə düşüb.

Bundan sonra vəkil Osman Kazımov məhkəməyə müraciət edərək, iş materialları arasından Orxan Cəfərovun zərərçəkmiş qismində tanınmasını əsaslandıran sənədlərin müdafiə tərəfinə təqdim olunmasını istəyib. Vəkil bildirib ki, iş materiallarında bu barədə heç bir sənəd, əsaslandırma yoxdur.

“Bu ölkədə heç kimin həyatı təminatlı deyil...”

Daha sonra Abdulla Abdullayev ifadə verib: “İçəridəkilərə deyirəm ki, bizim məhkəmələr Baş Prokurorluğun idarəsidir. Onlara deyirəm ki, bizim ödədiyimiz vergilər hesabına məmurlar maaş alıb, bizim haqqımızı qorusunlar. Cavab verirlər ki, dövlət bizi qoruyur da... Gündə üç dəfə pulsuz yemək verir, ölənə yaxın dərman verir ki, ölməyək...

Mənim çıxışım bu məhkəmədə ədalət axtarmaq deyil, xalq üçündür. 25 illik əziyyətimi vurdular yerə...

Mən heç bir cinayət törətməmişəm. Mənim cinayətim bunların marağına toxunmağımdır. Mən on il içəridə oturmağa hazıram, təki millət adıma pis bir söz deməsin. Bu dövlət üçün canımı qoydum. Bu qədər xarici şirkətlərlə işlədim, millətimin adına heç bir xələl gətirmədim.

İçəridəkilərdən xəbəriniz varmı? Ədalətsizlik baş alıb gedir. Bunların hamısı dövlətçiliyə qarşı təxribatdır.

Müqavilə öhdəliklərilə bağlı olan, mülki qaydada baxılmalı işi cinayət işinə çevirməkdə prokurorluğun məqsədi nədir? Müstəntiq özü işin içində yazıb ki, götürülmüş kreditlər bağlanıb. Bəs niyə dörd il sonra mənə cinayət işi açmısız? Çünki prokurorluq qanunlara tüpürür. Belə çıxır ki, qanunlar bir tərəfə, prokurorluğun istəkləri başqa tərəfə... Nə qədər ki, ölkədə belə vəziyyət var, heç kimin həyatı təminatlı deyil.

“Mənim kimi adamı bezdirdilər”

İranda 4 aya 3 zavod tikdirmişdim, amma bir ildir ki, burada fəaliyyətsiz oturmuşam. Bilirəm ki, Azərbaycanda ədalətə nail ola bilməyəcəm. Amma kişi sözü verirəm, Avropada ədalətin bərqərar olmasına nail olacam, özü də təzminatla birlikdə...

Bu gün ölkədə iqtisadiyyatı bərbad günə qoyan səbəblərdən biri Korrupsiyaya Qarşı Mübarizə İdarəsidir. Prezident hər dəfə deyir ki, qeyri-neft sektorunu inkişaf etdirmək lazımdır. Qoyurlar inkişaf etdirməyə?! Yeddi ildir ki, “AMAY”a qarşı cinayət işi açıblar. İmkan versəydilər, 6000 adam orada işlə təmin olunardı. Bu qədər adamın çörəyini kəsdilər. Mənim kimi adamı bezdirdilər. 10 il əvvəl mən də bilmirdim ki, bir gün gəlib burada oturacam. Amma on il sonra da kimlərin gəlib burada oturacağını bilmək olmaz. Oturacaqlar da, İnşallah!

Bilirəm ki, hökmü siz hakimlər yox, sifariş verəcək. Mənə 20 il də versəniz, sizdən inciməyəcəm. Amma mən nə danışsam, siz də narahat olmayın. Nə qədər ki, bu ölkədə Zakir Qaralov var, ədalət olmayacaq. Gedin, özünə də deyin.

Mən dünyanın hər üzünü görmürəm, hazırda 56 yaşım var. 30 yaşında 40 təsərrüfata rəhbərlik edirdim. Mən İrəvan xanı Abdulla xanın törəməsiyəm. Məni ancaq ölümlə susdura bilərlər. Anam bəy qızı olduğuna görə sürgün olunub. Babam sürgündə ölüb. Mən ölsəm nə olacaq ki?!

“Mənim həbsimdə bunların maraqları nədir? Heç olmasa, yavaşca qulağıma pıçıldayardılar...”

Bu dünyada günahsız adam yoxdur. Onda gərək bütün Azərbaycanı tutub bassınlar “kletkaya”. Bu millət kiminlə, necə qabağa gedəcək? Amma millətin də gələcəyini bilmək olmaz. Onu da deyim ki, əgər sözümü kəsib, məhkəməni qapalı keçirsəniz, ümumiyyətlə, məhkəməyə gəlməyəcəm.

Mənim həbsimdə bunların maraqları nədir? Heç olmasa, yavaşca qulağıma pıçıldayardılar, mən də bilərdim. Yoxsa bu boyda teatr qurulmasına nə ehtiyac var? Burada teatr gedir.

Mən keçən il martın 12-də İrandan Azərbaycana keçmişəm, 17-də Naxçıvandan Bakıya gəlmişəm. Martın 29-da məni Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırdılar. Amma rəsmi çağırış vərəqəsi göndərməmişdilər. Dedim, çağırış göndərin, gəlim. Aprelin 1-də özüm zəng elədim, 4-də də səhər saatlarında getdim, soruşdum ki, nə məsələdir? Dedilər ki, bu məsələdir. Vəkilim Əkbəri çağırtdırdım. Amma izahat verməkdən imtina etdim. Mənə bildirirlər ki, çağırış göndərmişik. Deyirəm ki, almamışam, göndərmisinizsə, bunun sübutunu ortaya qoyun. Adamlar əgər mənim yaşadığım ünvanı bilmirdilərsə, mənə çağırışı necə göndərə bilərdilər? Ünvanımı mən çağırandan sonra vəkilimdən soruşdular. Birinci dəfə həbs-qətimkan tədbiri seçiləndə əsas kimi onu göstərdilər ki, istintaqdan yayınmışam. Məhkəmədə hakimdən soruşuram ki, hanı mənə çağırış göndərilməsi barədə sübut? Yoxdur.

İkinci dəfə həbsin uzadılmasına səbəb kimi, yazıblar ki, cəmiyyət üçün təhlükəliyəm. Kimə terror eləmişəm, kimi öldürtdürmüşəm? 6000-7000 adamı idarə edən, 30-40 təşkilatın sahibi olan, dövlətə vergilər ödəyən adam indi təhlükəli oldu? Bir az məntiqli olmaq yaxşı şeydi. Təəssüf ki, bu gün ölkədəki qərarlar məntiqlə qəbul olunmur. Mənim həbsimdən sonra belə bir xəbər yaydılar ki, guya, Korrupsiyaya Qarşı Mübarizə İdarəsində kimisə təhqir eləmişəm. Məni həbs eləyəndə dedim ki, idarənin rəisi Kamran Əliyevlə görüşmək istəyirəm. Dedilər ki, qəbul eləmir. Vəssalam. Heç bir təhqir olmayıb.

Yeri-göyü yaradan Allah var. Siz hökmünüzü çıxarın. Amma Onun da hökm çıxaracağı gün olacaq.

“Kiprdə, İranda zavodlarımı satıb “AMAY”ın yeni binasını tikməyə başladım”

“Gənclik”dəki ticarət mərkəzinin yerində Gimnastika Mərkəzinin tikiləcəyi barədə dövlət tərəfindən sifariş gəldi. Ticarət Mərkəzi 2 il ərzində köçürülməli idi. Məni çağırdılar, indi ad çəkmirəm, amma bir gün deyəcəm, bildirdilər ki, ticarət mərkəzi üçün təcili yer ayrılır, vəsait də ayrılacaq. Dedim, istəmirəm, o yeri verirəm sizə. Onsuz da həmin vaxt Çində də işləyirdim. Dedilər ki, yox, veririk. Məqam yetişdi, lakin vəsaiti ödəmədilər. Abşeronda şərab zavodumu, Novxanıda quşçuluq fabrikini, 3 nömrəli çörək zavodunu, Babəkdəki un məmulatları sexini, Kiprdə, İranda zavodlarımı satıb “AMAY”ın yeni binasını tikməyə başladım. Mən o zavodlarımı satanda ətrafımdakılar deyirdilər ki, eləmə. Deyirdim ki, yox, dövlətim mənə sifariş verib, mən də eləməliyəm. 18 aya tikdirdim. Onda da məni şərləmişdilər. Getdim, dedim ki, hər hansı pis işim olubsa, gəlib üzümə desinlər. Sağ olsunlar, onda başa düşdülər...

Bayaq da dedim, guya, mən söyüş söymüşəm. Söyməmişəm. Söysəydim, deyərdim. Söymüşəmsə, telefon danışıqlarımı ortaya qoysunlar. Bütün danışıqlarım dinlənilirdi. Sadəcə, barəmdə belə rəy yaradıblar. Amma bir gün həqiqət məlum olacaq. Mən türmədən çıxana qədər ölməyəcəm, haqqımı alacam. Mən almasam da, 18 uşaq var, düşsünlər küçələrə, haqlarını tələb eləsinlər.

"Oranı tikməsəydim, bilirsiniz də necə olacaqdı?"

Qayıdım “AMAY”ın tikintisinə. 2007-ci ildə dam örtüyü vurulan ərəfədə çağırıb dedilər ki, Heydər Əliyevin ad günü ərəfəsində açılışı olmalıdır. Dedim ki, mümkün deyil, dam örtüyünü vurmağa pulum yoxdur. Ertəsi gün zəng elədilər ki, Fonda (Sahibkarlığa Milli Kömək Fondu) tapşırılıb, pul veriləcək. Həmin vəsaitin ayrıldığı tarixə baxsanız, görəcəksiz ki, ticarət mərkəzinin açılışı olan ərəfədədir. Götürülən pul da qaytarıldı.

Hörmətli hakim, oranı tikməsəydim, bilirsiniz də necə olacaqdı? Bilirsiz, bilirsiz... Mənə deyilən hökmü çıxarmasanız, bilirsiniz də sizə nə olacaq? Eləməsəydim, mən də eləcə, cəza görəcəkdim. Eləmişəm də, indi başqa cür cəzalandırılıram.

Açılış olanda havalandırma sistemi quraşdırılmamışdı. Açılışdan sonra “Texnikabank”dan kredit götürüb bunu, həm də bəzi kosmetik işləri gördüm. O pul da banka ikiqat faizi ilə birlikdə qaytarılıb.

Burada oturan uşaqların heç bir günahı yoxdur. Mən dövlətə güvənmişəm, onlar da mənə güvənib vəzifələrini yerinə yetiriblər. Burada heç bir cinayətdən söhbət gedə bilməz..."

Abdulla Abdullayev ifadəsini bugünkü məhkəmə prosesində davam etdirəcək.

Qeyd edək ki, Abdulla Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.

Təqsirləndirilən şəxslərdən yalnız A.Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.

A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin zamanında yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

İstintaq müəyyən edib ki, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib.

İstintaqın gəldiyi qənaətə görə, vəsaiti ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməklə həmin vəsaiti faktiki rəhbəri olduğu “A.M.A.Y” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərcləyib. Özgənin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün ciddi əsaslar olduğundan A.Abdullayevə Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar