MÜSTƏNTİQLƏ DEPUTATIN MƏHKƏMƏDƏ BİTƏN QONŞULUĞU - Kim haqlıdır? (Foto, Video)

Bakının Şağan qəsəbəsi sakini, uzun illər dövlət qulluğunda, prokurorluq orqanlarında çalışmış Bağırov Nazim Salman oğlu "AzPolitika"ya müraciətində qonşusu, deputat Hacı Salayevdən şikayətlənib. Qəsəbənin R.Məmmədbəyov küçəsi, bağ 306 ünvanında yaşayan N.Bağırov, öz evinin ikinci mərtəbəsini tikərkən deputat qonşusunun ona məhkəməyədək uzanan ciddi problem yaratdığını bildirib. Nazim Bağırovun şikayəti əsasında Şağan qəsəbəsində olduq, onun problemi ilə yerində tanış olduq.

"Bir hektara yaxın ərazini öz həyətinə birləşdirib"

Nazim Bağırov Şağan qəsəbəsində bağ evinin 1997-ci ildən ona məxsus olduğunu bildirdi. “2 mərtəbəyə icazəm olsa da, imkanım olmadığından o zaman birmərtəbəli ev tikdim. Bu ilin yayında İcra Hakimiyyətindən müvafiq sənədləri alaraq, evin 2-ci mərtəbəsini tikməyə başladım. Elə bu zaman da deputat Hacı Salayevin müdaxiləsi ilə qarşılaşdım. Belə ki, 2008-ci ildə Şağan qəsəbəsinə köçən Hacı Salayev həyətinin ərazisini genişləndirməyə başladı. Bu məqsədlə də qonşuların ərazilərini almağa xeyli pul xərclədi. Hətta bir qonşunun həyətini almaq üçün ona 2 mərtəbəli ev tikib verdi. Bu yolla təxminən 1 hektara yaxın ərazini öz həyətinə birləşdirdi”. Nazim Bağırovun sözlərinə görə, deputat onun da həyətini almaq üçün təkliflər verib. Ancaq o, qəbul etməyib: “2010-cu ildən keçən 7 il ərzində Hacı Salayev dəfələrlə bu istiqamətdə təkliflər verdi. Hətta konkret məbləğlər də təklif etdi. Lakin mən imtina etdim”.

Şikayətçi daha sonra qeyd etdi ki, bu ilin yay aylarında evinin 2-ci mərtəbəsini tikməyə başlayıb. Ancaq Hacı Salayev buna imkan verməyib: “Hacı Salayev Xəzər Rayon Məhkəməsinə müraciət edərək, mənim evimin tikintisi zamanı guya təhlükəsizlik qaydalarına əməl etmədiyimi, onun evinə də təhlükə yaratdığımı iddia edib. Və evin tikintisinin dayandırılması barədə qərar çıxarılmasını istəyib. Hakim Tərlan Əkbərov əlində heç bir ekspertiza rəyi, İcra Hakimiyyətinin mövqeyi olmadan iddianı təmin edib və tikintinin dayandırılması barədə qərardad çıxarıb. Həm də mənim iştirakım olmadan”.

"Tikinti Məcəlləsi məhkəmənin qərarının qanunsuz çıxarıldığını sübut edir"

Hakim qərarını Nazim Bağırovun evinin 2-ci mərtəbəsini tikərkən, qonşu ilə ara məsafəsini düzgün saxlamaması ilə əsaslandırıb: “Halbuki, bu zaman qanunun heç bir tələbi pozulmayıb. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1 maddəsinə əsasən, barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə ara məsafəsi evin divar hündürlüyünün 0,3 hissəsi müəyyən edilmişdir. Mənim evimin divar hündürlüyü isə 6 metr 60 sm-dir və qeyd olunan maddəyə görə qonşu divarla məsafə ən azı 1 metr 98 sm olmalıdır (6,60 x 0,3= 1 m 98 sm). Rayon icra hakimiyyətinin nümayəndələrinin iştirakı ilə aparılan ölçü zamanı isə aşkar edilib ki, evimin divarından qonşunun hasarına qədər olan məsafə 3 metr 61 sm-dir, yəni normadan 1 metr 63 sm daha çoxdur. Bu da qərarın qanunsuz çıxarıldığını sübut edir”.

Nazim Bağırov deyir ki, ondan xəbərsiz çıxarılan bu qərardad ona böyük maddi ziyan vurub: “Tikinti dayandırıldığı üçün evimin üstünü örtə bilmədiyindən, yağış birinci mərtəbəni də yaşamaq üçün yararsız hala salıb”.

Parlament sədrinə şikayət

Nazim Bağırov qarşılaşdığı bu problemlə bağlı Milli Məclisin sədri Oqtay Əsədova, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova şikayət ərizəsi ilə müraciət edib. O, müraciətlərində də yuxarıda qeyd edilən məsələlər barədə məlumat verərək, evinin tikintisinə qoyulan qadağanın götürülməsinə köməklik göstərilməsini istəyib. Müraciətdə bildirilir: “Hörmətli Oqtay müəllim! 1991-ci ildə dövlət tərəfindən mənə fərdi evin tikintisi üçün Mərdəkan qəsəbəsində, hazırda Şağan qəsəbəsinin ərazisi olan R.Məmmədbəyov küçəsindəki 306 nömrəli torpaq sahəsi verilmişdir. Sonradan torpaq sahəsi tərəfimdən özəlləşdirilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mənə müvafiq qaydada RX seriyalı 1130221 nömrəli çıxarış verilmişdir.

Mülkiyyətimdə olan torpaq sahəsində 2 (iki) mərtəbəli fərdi yaşayış evinin tikintisi üçün hələ 1991-ci ildə XDS-nin İcraiyyə Komitəsi tərəfindən təsdiq olunmuş 145-000-129 saylı 2 mərtəbəli evin layihəsi təqdim olunmuş və bununla da 2 mərtəbəli yaşayış evinin tikintisinə rəsmi icazə verilmişdir. Ona görə də, mənə məxsus torpaq sahəsində iki mərtəbəli, ümumi sahəsi 205 kv. metr yaşayış evinin 103 kv.metr sahəsi olan birinci mərtəbəsini tikdim və maddi imkanım olmadığı üçün 2-ci mərtəbəni tikə bilmədiyimdən evin birinci mərtəbəsinin üstündə dam örtüyünü quraşdıraraq evi təmir etdim. 1997-ci ildən hazırki vaxta kimi həmin evdə yaşayıram, həmin vaxtdan kommunal xidmətlərinə qoşularaq müvafiq qaydada ödənişləri edirəm”.

"Yoxlama heç bir qanunsuzluq aşkar etmədi"

Daha sonra N.Bağırov deputat Hacı Salayevlə aralarında yaranmış problemlə bağlı yazının əvvəlində qeyd etdiyimiz məsələlər barədə məlumat verərək, deputatın evinin 2-ci mərtəbəsini tikməyə mane olduğunu bildirib: “Deputat əvvəlcə Xəzər Rayon İcra Hakimiyyətinə müraciət edərək, ərizəsində bildirmişdir ki, guya mən tikinti norma və qaydalarını pozuram, ona görə də tikintinin dayandırılmasını xahiş edir. Qeyd etmək istərdim ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 92-ci maddəsinə müvafiq olaraq bu cür tikintinin dayandırılması səlahiyyəti yalnız rayon icra hakimiyyətlərinin səlahiyyətlərinə aid edilmişdir. Xəzər Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən yaradılmış komissiya yerində yoxlama aparmış və mənim tərəfimdən tikintinin icra hakimiyyətinə təqdim olunmuş layihəyə əsasən aparılması müəyyən edilmiş, tikinti norma və qaydalarının pozulması halları isə aşkar edilməmişdir.

Eyni zamanda, tikinti ilə bağlı qonşum H.Salayevin hər hansı bir hüququnun pozulması faktı da komissiya tərəfindən aşkar edilməmişdir. Mən də tikintimi davam etdirərək binanın 2-ci mərtəbəsinin yan divarlarını tikmişəm. Evin yalnız dam örtüyünün quraşdırılması işi qalmışdır”.

"Bu qədər torpağı necə alıb?"

Müəllif məktubunda daha sonra deputatın 03 oktyabr 2017-ci il tarixdə tikintinin dayandırılması üçün Xəzər Rayon Məhkəməsinə müraciət etdiyini və hakim Tərlan Əkbərovun qanunsuz olaraq onun iddasını təmin etdiyini bildirir: “Burada xüsusi qeyd olunmalıdır ki, hakim vəzifə səlahiyyətlərinin aidiyyət qaydasını pozaraq, rayon icra hakimiyyətinə məxsus səlahiyyətləri qeyri-qanuni mənimsəyərək, qanusuz qərardad çıxarmışdır. Mən qanuna müvafiq olaraq bu Qərardadın ləğv olunması və hakimin barəsində tədbirlər görülməsi barədə şikayətimi Bakı Apellyasiya Məhkəməsinə təqdim etmişəm”.

N. Bağırov müraciətində eyni zamanda tikinti apararkən, deputatın özünün qaydaları pozduğunu, onun həyətinə tərəf 5 pəncərə qoyduğunu bildirir.

Deputatın eyni zamanda biznes fəaliyyəti ilə məşğul olduğunu, əsas iş yeri Milli Məclis yox, Səbail rayonunda yerləşən biznes ofisi olduğunu iddia edir: “ Necə olur ki, bəzi deputatlar maaşlarının gündəlik ehtiyaclarını ödəməyə yetmədiyini bildirdiyi halda, deputat H.Salayevin Şağan qəsəbəsində 1 hektara qədər torpaq sahəsi, Şüvəlan qəsəbəsində 4 hektar və Zirə qəsəbəsində 60 hektar torpaq sahəsi var? Belə böyük pullara malik olması da onun bizneslə məşğul olduğunu göstərir”.

 BƏS DEPUTAT NƏ DEYİR?

N.Bağırovun bu ittiham və iddialarına münasibətini öyrənmək üçün deputat Hacı Salayevin özü ilə əlaqə yaratdıq. Deputat, N.Bağırovun iddialarının əksəriyyətinin yalan və böhtan olduğunu, onun işgüzar nüfuzuna, şərəf və ləyaqətinə xələl gətirdiyini bildirdi: “Nazim Bağırovun fikirləri birmənalı olaraq işin hərtərəfli, tam və obyektiv araşdırılmasına mane olmaq, şərəf və ləyaqətimə, o cümlədən ölkəmizin müstəqil məhkəmə hakimiyyətinə şər və böhtan atmaq məqsədini güdür. Qeyd edim ki, başqası tərəfindən məhkəmə icraatının bilavasitə və yaxud dolayısı ilə məhdudlaşdırılması, qanunsuz təsir, hədə-qorxu, müdaxilə yolverilməzdir və bu kimi hərəkətlər qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olur. Buna görə də, N. Bağırovla bağlı hüquqi müstəvidə addımlar atacağam.”

Deputat həmçinin bildirdi ki, Nazim Bağırov bir sıra faktları qəsdən gizlədir, tətbiq edilməli olmayan maddi-hüquq normalarına istinad edərək ictimaiyyətdə yanlış və çaşdırıcı təsəvvür yaratmağa cəhd göstərir: “Ona görə də ictimaiyyətin aldadılmasına imkan verməmək üçün onun əsassız iddialarına Sizin sayt vasitəsilə aydınlıq gətirməyi zərurui hesab edirəm”.

"Deputatlıqdan əvvəl bizneslə məşğul idim"

Hacı Salayev əvvəlcə qanunsuz olaraq biznes fəaliyyəti ilə məşğul olduğuna, Şağanda və paytaxtın bir sıra yaşayış məntəqələrində ərazilər almasına dair iddialara aydınlıq gətirmək istədiyini bildirdi: “Tanıyanlar bilir ki, mən deputatlıqdan əvvəl uzun müddət biznes fəaliyyətilə məşğul olmuşam. Sahibkarlıq fəaliyyəti ilə məğul olduğum 2002-2010-cu illərdə tərəfimdən bir sıra şirkətlər təsis edilmiş, bir neçə beynəlxalaq əmtəə nişanlarının (brendlərin) və şirkətlərin Azərbaycan Respublikasının ərazisində Filial və Nümayəndəliklərinin açılmasına müvəffəq olmuşam. Təsis etdiyim hüquqi şəxslər istər ölkəmizdə, istərsə də xaricdə çox məşhur olublar.

2010-cu ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçildikdən sonra, hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmuram. Bütün işlərim yaxınlarım tərəfindən idarə olunur. Mülkiyyətimdə olan torpaqların da hamısı bizneslə məşğul olduğum illərdə alınıb. Bunları təsdiq edən sənədlər də mövcuddur”.

Deputatın sözlərinə görə, Xəzər rayonu, Şağan qəsəbəsi, Rəşid Məmmədbəyov küçəsi 20 ünvanında yerləşən torpaq sahəsini də məhz sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu illərdə alıb: “Həmin ərazini təxminən 2002-ci ildə almışam. Qanuni sənədləri ilə. Sonra həmin torpaq sahəsininin üzərində iki ədəd iki mərtəbəli fərdi yaşayış evi tikdim və özəlləşdirdim. 27.12.2006-cı ildən sözügedən daşınmaz əmlak xüsusi mülkiyyətimdir. Bunu təsdiqləyən Çıxarışı da Sizə təqdim edirəm. Bu sənəd N.Bağırovun iddialarının yalan olduğunu, mənim onun dediyi kimi, ora 2008-ci ildə deyil, xeyli əvvəl köçdüyümü sübut edir. Hansı ki, həmin vaxt N.Bağırov ümumiyyətlə orda yaşamırdı”.

"Dedi 150 min dollar istəyirəm..."

Deputatın sözlərinə görə, qonşuluqdakı ərazini də həmin dövrdə alıb: “Mənim bizneslə məşğul olduğumu qonşular da bilirdilər. Çünki həmin əraziyə yol, qaz, işıq çəkilməsində yaxından iştirak edirdim. Buna görə də ordan köçmək istəyən, hansısa problemə görə torpağını satmaq istəyən qonşular ilk növbədə həyətlərini mənə təklif edirdilər. Mən də qarşılıqlı razılıq əsasında almışam. Özünüz də görmüsünüz, necə almışamsa, elə də qalıb. Heç bir tikinti aparmamışam. Aparmaq da fikrim yoxdu. Ona görə də qonşuları ordan guya mənim köçürdüyüm barədə iddialar tam yalandır, cəfəngiyyatdır”.

Nazim Bağırovun həyətini almaq istəməsilə bağlı isə deputat bldirdi ki, qonşusu qəsdən həqiqəti təhrif edir: “Nazim Bağırovu son illərə qədər mən heç tanımamışam. Mən ev tikərək ora köçdüyüm dövrdə həmin həyətdə ümumiyyətlə daimi yaşayan yox idi. N.Bağırov özü Səbael rayonu, S.Rüstəmov küçəsi 10 ünvanda yaşayır. Bu hadisələrdən sonra mənə məlum olub ki, bu şəxs orda da qonşuları ilə “yola getmir”. Mənə verilən məlumata görə, evinə qanunsuz artırmalar edib, qonşularını incidir və sair. Nə isə qayıdaq mətləbə. Sonradan N.Bağırovun qardaşı oradakı kiçik bir evdə yaşamağa başladı. O da həyəti mənə satmağı təklif etmişdi. Mən də demişdim ki, danışarıq, razılaşsaq alaram. Ancaq sonradan N.Bağırov qardaşını ordan köçürdü və özü mənimlə görüşmək istədiyini bildirdi. Hətta mənə dedilər ki, qardaşını da həyəti satmaq üçün köçürüb. Ofisimə gəlmişdi. Danışdıq, 7.5 sot üçün 150 min manat istədi. Baxmayaraq ki, dəyərindən çox baha idi, razılaşdım. Ancaq sonradan xəbər etdi ki, 150 min dollar istəyir. Mən də almaqdan imtina etdim. Bununla da bu məsələ mənim üçün qapandı”.

"Tərtib olunmuş Aktdan görünür ki, aparılan tikinti işləri qanunsuzdur..."

Deputatın sözlərinə görə, məsələnin yenidən gündəmə gəlməsinə səbəb 2017-ci ilin iyun ayından başlayaraq Nazim Bağırovun birmərtəbəli fərdi yaşayış evinin ikinci mərtəbəsini inşa etməyə başlaması olub: “O, tikintini dövlət tikinti norma və qaydalarına, fərdi yaşayış evləri arasındakı yanğın məsafələrinə, habelə yanğın əleyhinə, yanğın təhlükəsizliyi norma və qaydalarına riayət edilmədən aparırdı. Pəncərə və qapı boşluqlarına, habelə tikilinin odadavamlılıq dərəcəsinə dair qanunla müəyyən olunmuş bütün tələblər kobud şəkildə pozulurdu. Eyni zamanda apardığı tikintinin ən yuxarı hissəsinə mənim evimə, həyətimə baxan böyük bir pəncərə də yerləşdirmişdi.

Bunları N.Bağırovun diqqətinə çatdırmağaı çalışsam da, sonuncu haqlı iradlarıma məhəl qoymamış və tikinti-inşaat işlərini davam etdirmişdir. Bu səbəbdən cari ilin iyul ayında Xəzər rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarına müraciət etmişəm.

24.04.2017-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin Bakı şəhəri üzrə regional Tikinti Müfəttişliyinin, Dövlət Yanğın Nəzarəti Xidmətinin 4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları və Xəzər rayon İcra Hakimiyyəti Şağan qəsəbəsi üzrə nümayəndəsinin müavinin iştirakı ilə əraziyə baxış keçirilmişdir. Baxış barədə Akt tərtib olunmuşdur (yazıya əlavə olunur-red.). Tərtib olunmuş Aktdan görünür ki, aparılan tikinti işləri qanunsuzdur, tikili yanğın tələblərinə cavab vermir və tikinti işlərinin dayandırılması məqsədəuyğundur. Lakin buna baxmayaraq, Nazim Bağırov tikinti-inşaat işlərini yenədə davam etdirmiş, aidiyyatı qurumların qanuni göstərişlərinə əməl etməmişdir”.

Deputat bildirir ki, bu akt da Nazim Bağırovun İcra Hakimiyyətinin əməkdaşları tərəfindən sözügedən evin tikintisinə baxış keçirilən zaman qüsürların aşkar edilmədiyinə dair dediklərinin həqiqətə uyğun olmadığını göstərir: “Onun dedikləri rəsmi sənədlərlə tam təkzib olunur”.

Hacı Salayev, məhz Nazim Bağırov dövlət orqanlarının qanuni göstərişlərinə saymazyana yanaşdığından məhkəməyə müraciət etdiyini bildirir: “Qanuni maraqlarımı qorumaq və təmin etmək məqsədi ilə məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəldim. 2017-ci ilin sentyabr ayında Bakı şəhər Xəzər rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdim. Məhkəmə də 03.10.2017-ci il tarixdə “iddianı təmin etmək üçün tədbirlərin görülməsinə dair” qərardad çıxarmışdır. Həmin qərardadla tikinti-inşaat işlərinin aparılması və davam etdirilməsi cavabdehə qadağan edilmişdir. Hesab edirəm ki, qərardad əsaslı və qanunidir.”

Deputatın sözlərinə görə, Nazim Bağırov da öz hüquqlarından istifadə edərək sözügedən qərardadı məhkəmə qaydasında mübahisələndirmiş və birinci instansiya məhkəməsinə şikayət ünvanlamışdır: “Ancaq şikayət birinci instansiya məhkəməsi tərəfindən təmin olunmamış və baxılması üçün iş materialları ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. N.Bğırovun məhkəmədən öncə yalan məlumatlarla ictimaiyyəti çaşdırmağa çalışması, belə müraciətlər yayması məhkəməyə təzyiq məqsdi daşıyır”.

"Yanğın məsafəsi saxlanılmalıdır!"

Deputatın deyir ki, məhkəmənin çıxardığı qərardadı əsasız göstərmək üçün Nazim Bağırov əsassız olaraq Şəhərsalma və Tikinti Məcəlləsinə istinad edir, öz qanunsuz hərəkətlərini və əsl niyyətini məlumatlandırma icraatı adı altında gizlədir: “Məcəllədə yaşayış evlərinə münasibətdə ara məsafəsinin evin divar hündürlüyünün 0,3 hissəsinin müəyyən olduğunu bildirmişdir. Lakin mövcud mübahisə predmeti Şəhərsalma və Tikinti Məcəlləsindəki ara məsafəsi deyil. Ona görə də, 6,60 m. x 0,3 = 1 m. 98 sm. hesablaması hazırkı iş üzrə tətbiq edilə bilməz. Mübahisə məhz yanğın əleyhinə normativ tələblərin pozulmasından gedir. Tələblərə əsasən hər iki qonşunun fərdi yaşayış evləri arasındakı yanğin əleyhinə məsafələrdən, yanğın əleyhinə tələblərdən və yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməsindən ibarətdir.

Bizim iddiada da, yaşayış binaları arasındakı yanğın əleyhinə yanğin məsafələrinin pozulduğu qeyd edilir. Bu da yuxarıda qeyd etdiyim kimi, aktla sübuta yetirilir. Qeyd edim ki, Dövlət Şəhərsalma Norma və Qaydaların şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikililərin abadlaşdırılmasına dair məcburi AzDTN 2.6.-1 tələblərinə, Yanğın Təhlükəsizliyi Tələblərinin 1-ci bəndinə əsasən yaşayış evləri arasında 10 metrdən az olmayan YANĞIN MƏSAFƏSİ saxlanılmalıdır. Lakin Nazim Bağırovun etiraflarına əsasən bu məsafə cəmi 3,6 metr təşkil edir. Bu da qanunla müəyyən olunmuş normativlərin pozulmasıdır”.

Hacı Salayev hakimin iddiaya Nazim Bağırovun iştirakı olmadan baxmasına da münasibət bildirdi:Sizin vasitənizlə Nazim Bağırovun diqqətinə çatdırıram ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 159-cu maddəsinə əsasən iddianı təmin etmək haqqında ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan baxılır. Hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır. Qəbul edilmiş qərardad barədə işə onların iştirakı olmadan baxılmış işdə iştirak edən şəxslərə dərhal xəbər verilir. Göründüyü kimi, ərizəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən hər-hansı prosessual pozuntuya yol verilməyib. Hesab edirəm ki, uzun illər müstəntiq vəzifəsində işləmiş Nazim Bağırov prosessual normaların məzmunu və onların hüquqi tətbiqi barədə məlumatlı olmalı idi”.

Deputat sonda qeyd etdi ki, Azərbaycan hüquqi dövlətdir və hər kəs hüquqlarını məhkəmələr vasitəsilə təmin etmək iqtidarındadır: “Hüquqi dövlətdə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Azərbaycan da hüquqi dövlətdir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun əsas istiqamətlərindən biri də vətəndaşın hüquqlarının qorunmasıdır. Məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı kimi də Azərbaycan Respublikası Prezidenti çıxış edir. Ona görə də kiminsə məhkəmələrə təzyiq etməsi mümkün deyil. Məhkəmələr kimliyindən asılı olmayaraq, bütün şəxslərə eyni cür yanaşırlar. Mən də bir vətəndaş olaraq hüquqlarımın qorunması üçün məhkəməyə müraciət etmişəm. Bu da razılaşarsınız ki, mənim ən təbii haqqımdır...”

İ. İsmayılbəyli

AzPolitika.info

635x100

Şərhlər

REDAKTOR 2017-11-04 13:17:34

EY CƏNAB SABİQ PROKUROR? ...BEZİ HAKİMLERİN GOZU MUTTƏHİMİN CİBİNDƏ, BEZİ PROKURORLORUN GOZU TƏQSİRLƏNDİRİLƏN SƏƏXSİN ƏLİNDƏ, BEZİ POLİSLERİN GOZU CİNAYƏTKARİN ADAMİNİN CANTASİNDA OLAN OLKƏDƏ SƏN BUNDAN ARTİQ ƏDALƏTMİ AXTARİRSAN GUNAH SİZİNKİMİLƏRDƏDİR ......

Tanish 2017-11-04 13:17:34

Qorxur birden pullarını göreller

kohne 2017-11-04 13:17:34

maraqlidir Dadashov imzadan niye imtina etdi?Vicdanimi oyandi.

Fərid 2017-11-04 13:17:34

Heç nə yox, o deputatın həyətinə baxan pəncərəni qoymasının yeri yoxdu.

Son yazılar