KƏLBƏCƏRDƏ HAVA LİMANI ÜÇÜN HARANI SEÇMƏLİ? – "Mütəxəssis kimi ən ideal yerin..."

Rayonun iqtisadi və turizm potensialından səmərəli istifadə üçün hansı addımları atmaq olar?

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bu il yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədəki çıxışında işğaldan azad edilmiş torpaqlarımızın bərpası və yenidən qurulmasına dair verdiyi anonsları Qarabağın gələcək inkişaf perspektivləri haqqında bir yol xəritəsinin ilkin konturları və 44 günlük müharibədə olduğu kimi, xalqımızın bir daha öz Prezidenti ətrafında sıx birləşməsinə yeni cağırış kimi dəyərləndirmək olar. 

Azad edilmiş torpaqlarda görüləcək işlərimiz yetərincədir, onların arasında şəhər və kəndlərimizin yenidən qurulması, tarixi və mədəniyyət abidələrimizin bərpa edilməsi, yeni yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, energetika və sənaye obyektlərinin tikilməsi, müasir şəhər infrastrukturunun yaradılması və s. bu kimi quruculuq işlərilə bərabər, illər öncə heç yuxumuza belə girməyən, hətta fantastik görünən layihələrin, o cümlədən Şuşa şəhərinə dəmiryol xəttinin çəkilməsi və Füzuli şəhərində, eləcə də Kəlbəcərdə və ya Laçın rayonunda beynəlxalq aeroportun tikintisi kimi layihələrin olması çox qürurvericidir. Təbii ki, bir kiçik yazıda bunların hamısına münasibət bildirmək imkanım və belə niyyətim də yoxdur, amma 40-45 il əvvəl Kəlbəcərdə, Murovdağda işləyərkən o yerlərə az-çox bələd olduğum üçün Qarabağın inkişafı kontekstində həmin rayonun perspektivləri ilə bağlı bəzi mülahizələrimi bölüşmək istərdim.

Birincisi, yol məsələsidir ki, cənab Prezident öz çıxışında digər yollarla yanaşı, Kəlbəcərə çəkiləçək avtomobil yolunun da vacibliyini xüsusi vurğuladı:“Digər vacib layihəyə də artıq start verilib. Bu, Toğanalı - Kəlbəcər yoludur, bu da çox çətin relyefdən keçən bir yoldur”. 

Həqiqətən, şərqdən qərbə doğru 70 km-dən artıq məsafədə uzanaraq Kəlbəcər rayonunu şimalda bütövlüklə Gəncə-Qazax iqtisadi rayonundan ayıran Murovdağ silsiləsi geomorfoloji cəhətdən çox gərgin bir ərazidir. Burada yol çəkilişi üçün çoxlu maneələr mövcuddur.

Belə ki, silsilənin həm şimal, həm də cənub yamacları vulkanik mənşəli sərt qaya çıxışları, dərin dərə və yarğanlarla kəsilərək ərazidə çox mürəkkəb, bəzən də keçilməz relyef formaları əmələ gətirmişdir. Dağ silsiləsi Böyük Hinaldağdan(3367m) Murovdağ zirvəsinə (3340m) qədər, demək olar ki, hər yerdə 3000 metrdən yüksəkdir, yalnız iki yerdə - Zincirlidağ və Ağdağın yaxınlıqlarında ən az - 2850-2900 metrdir. Sıra dağ boyu bir çox zirvələr 3300 metrdən artıqdır (Ömərdağ - 3395m, Koroğludağ-3462m və s.) və ən yüksək zirvə isə Camışdağdır -3724 metr.

Göstərilən zirvələr arasında ta qədimdən aşırımlar mövcud olub və buradan keçən cığırlar və el yolları Kəlbəcəri şimalda Daşkəsən, Gədəbəy və Gəncəbasar elləri ilə birləşdirirdi, lakin həmin yollarla ancaq heyvanlar və arabalarla hərəkət etmək mümkün idi. Onlardan biri də 3261metr hündürlükdə yerləşən və bu gün fəaliyyətdə olan Ömər aşırımıdır. Murovdağdan Kəlbəcərə ilk dəfə maşın yolu da 1991-92 illərdə, rayonun ermənilər tərəfindən işğalı ərəfəsində əhalini mühasirədən çıxarmaq məqsədilə, məhz bu aşırımdan çəkilmişdi.

Yolun Ömər aşırımından çəkilməsinin səbəbi, görünür, Kəlbəcərin Yanşaq kəndinə və Göygöl rayonunda Maralgölə qədər torpaq olsa da hər halda, yolun mövcudluğu idi və bu iki məntəqəni birləşdirən ən qısa məsafə bu aşırımından keçir. Əlbəttə, o dövr üçün bu istiqamətin seçilməsi bəlkə də ən doğru qərar idi, amma Toğanalı-Kəlbəcər yolunun Göygöl Milli Parkı ərazisindən keçməsi indi uğurlu variant kimi görünmür. Ən azından ona görə ki, bu yolla gecə-gündüz tikinti materialları daşıyan yük maşınları və digər təyinatlı ağır maşınların hərəkəti bizim ilk qoruğumuz və milli parkımız, Azərbaycan təbiətinin incisi sayılan Göygölün ekoloji mühitinə, bitki və heyvanlar aləminə, eləcə də turizm əhəmiyyətinə ciddi fəsadlar törədəcək. Bu səbəbdən yolun meşə örtüyü olmayan Pant silsiləsi üzərindən və ya Buzlux-Başqışlaq - Kəpəz dağı istiqamətindən Ömər aşırımına qədər çəkilməsi daha məqsədəuyğun olardı.

Kəlbəcər Azərbaycanın ucqar və ən yüksək dağlıq rayonudur, rayon ərazisi dəniz səviyyəsindən 1000 metrdən başlayaraq (Çərəktar kəndi) şimalda 3724 metrə (Camışdağ), cənubda 3616 metrə çatır (Dəlidağ), orta hündürlük təxminən 2000 metrdir. Rayonunun ərazisi tam olaraq Tərtər çayının hövzəsində yerləşir və onun coxsaylı qolları ilə dərin və dar dərələrlə kəsilərək mürəkkəb geomorfoloji relyef forması əmələ gətirir. Bu səbəbdən rayonda həmişə yol problemi olub. Hələ sovetlər dönəmində rayona giriş-çıxış üçün yeganə magistral olan Tərtər-Ağdərə- Kəlbəcər- İstisu yolu o qədər də keyfiyyətli deyildi, o ki, qaldı kənd yolları.

Deyilənə görə, hazırda müvafiq qurumlar Daşkəsən-Qoşqar dağı-Lev kəndi- Kəlbəcər istiqamətində ikinci yol layihəsi üzərində də işləyirlər. Bu, çox əhəmiyyətli, perspektivli layihədir belə ki, gələcəkdə Söyüdlü (Zod) qızıl və digər faydalı qazıntı yataqlarının istismarı ilə əlaqədar, Kəlbəcərin ölkəmizdə dağ-mədən hasilatının mərkəzi olan Daşkəsənlə birbaşa əlaqəsinin yaradılması iqtisadiyyatımıza cox böyük dividendlər gətirə bilər. Düşünürəm ki, hətta, gələcəkdə bu istiqamətdə dəmir yolunun çəkilməsi mineral-xammal ehtiyatları ilə zəngin olan Kəlbəcər rayonunun ümumi iqtisadi potensialını dəfələrlə artıracaq. Yolsuzluq səbəbindən bu gün rentabelli sayılmayan bir çox mineral sərvətlərimizin səmərəlilik göstəriciləri və orada yaşayacaq əhalinin maddi rifah halı xeyli yaxşılaşacaqdır.

İkinci əhəmiyyətli məsələ rayonda turizmin inkişafıdır. Ümumiyyətlə, bütün dünyada bir qayda olaraq, dağlıq ərazilərdə məskunlaşma nisbətən seyrək olur, əhali əsasən kənd təsərrüfatı - heyvandarlıq, az da olsa əkinçiliklə məşğul olur və buna görə belə ərazilər həmişə ölkənin orta inkişafından bir qədər geri qalır. Əlbəttə, burada istisnalar o zaman baş verir ki, ərazi ölkənin iqtisadi həyatında mühüm əhəmiyyət kəsb etmiş olsun, məsələn, yüksək istismar dəyəri olan faydalı qazıntı yatağına və ya çox yüksək turizm potensialına malik olsun, yəni investisiya qoyuluşu, çəkilən xərclərin qaytarılması üçün cəlbedici olsun. 

Bu cəhətdən demək olar ki, Kəlbəcər rayonunun bəxti gətirib, belə ki, rayon ərazisində həm qiymətli metal yataqları (Söyüdlü, Ağduzdağ və s.), mineral su ehtiyatları (İstisu və s.) mövcuddur, həm də turizmin bir çox növləri üzrə (dağ turizmi, eko və balneoloji turizm və s.) çox güclü potensiala malikdir. Prezident İlham Əliyev çıxışında bu məsələyə də xüsusi diqqət ayırıb: “Əlbəttə ki, Qarabağ bölgəsinin çox zəngin turizm potensialı vardır. Ona görə indidən turizm marşrutları işlənib hazırlanmalıdır ki, artıq həyat bu bölgəyə qayıdandan sonra vaxt itirmədən turizm sektoru da inkişaf etsin. Nəzərə alsaq ki, Qarabağ bölgəsinin çox zəngin, füsunkar, təkrarolunmaz təbiəti və tarixi abidələri var, əminəm, Azərbaycanın əsas turizm zonasının birinə çevriləcək.”

Təbii ki, bütün bunları nəzərə alan Prezident Qarabağa, Kəlbəcər rayonuna müasir standartlara cavab verən yol çəkmək, körpülər, tunellər tikmək, infrastruktur yaratmagın çox vacib olduğunu önə çəkib. Sevindirici haldır ki, Prezident İlham Əliyev Toğanalı-Kəlbəcər yolunun Laçın rayonu ərazisinə qədər davam etdirilməsini və orada Qubadlı-Zəngilana çəkiləcək yolla birləçdiriləcəyini deyib: “Beləliklə, biz iki tərəfdən, - həm şimaldan, həm cənubdan Laçın və Kəlbəcər rayonlarına yol-nəqliyyat infrastrukturu yaradacağıq”. 

Bununla da ölkə başçısı möhtəşəm bir layihənin anonsunu vermis və onun ilkin cizgilərini ortaya qoymuşdur.

Ümid edirik ki, gələcəkdə Tərtər-Ağdərə - Kəlbəcər yolundan da tam sərbəst istifadə edə biləcəyik, amma istənilən halda, təhlükəsizlik baxımından hər bir ərazidə alternativ yolların olması mütləqdir, çünki tək düşmənə görə deyil, təbii və texnogen fəlakətlərin də baş verməsi mümkündür.

Respublika Prezidentinin çıxışında daha bir maraqlı məqam Laçın və ya Kəlbəcərrayonlarının ərazisində beynəlxalq hava limanının tikintisi məsələsidir. Yadıma gəlir ki, 1975-ci ildə ilk dəfə Kəlbəcərə gedəndə Bakıdan İstisuya “PAZ” avtobusu ilə az qala 10 saata mənzil başına çatmışdım və onda deyirdim ki, “ay Allah, görəsən, nə vaxtsa buraya təyyarə ilə gələ biləcəyikmi?”

Bax budur, minlərlə mənim kimi Kəlbəcərə, İsitisuya yolu düşmüş insanların və əlbəttə ki, kəlbəcərlilərin xəyallarını reallaşdırmaq üçün Prezident qətiyyətli addımlar atmaqdadır: “Eyni zamanda, mənim göstərişimlə Laçın və ya Kəlbəcər rayonlarının ərazisində müasir beynəlxalq hava limanının tikilməsi üçün yer axtarılır. Düzdür, orada relyef çox çətindir və demək olar ki, ərazilərin mütləq əksəriyyəti dağlıq ərazilərdir. Orada düz yer tapmaq çətindir, amma indi araşdırmalar gedir, ümid edirəm ki, yaxın gələcəkdə mənə məlumat veriləcək. Beləliklə, ya Laçın, ya da Kəlbəcər rayonunda yeni beynəlxalq hava limanı tikiləcək.” 

Cox gözəl, alqışa layiq bir ideyadır! Gələcək hava limanın yerini məndən soruşan olsaydı, o yerlərə az-cox bələd olan bir geoloq, mütəxəsis kimi İstisuyu məsləhət görərdim. 

Niyə? İzah edim: 

birincisi, İstisu hələ sovet dönəmindən SSRİ miqyasında az-çox tanınan kurort-müalicə məkanıdır və Kəlbəcərə gələn turistlərin 99 faizi elə İstisuya gələnlərdi. Biz indi oranı beynəlxalq əhəmiyyətli, Cermukdan da yaxşı istirahət-müalicə mərkəzinə çevirə bilərik; 

ikincisi, əvvəllər mövcud olmuş mineral sudoldurma zavodunu müasir standartlara uyğun bərpa edib, imkanlarını daha da artırıb xarici ölkələrə “İstisu” brendi altında mineral su ixrac edə bilərik; 

üçüncüsü, ərazi 2200-2500 metr hündürlükdə yerləşir, ətraflarda dağ və qış turizminin inkişafı üçün hədsiz geniş imkanlar var;

dördüncüsü, Kəlbəcər və Laçın rayonları ərazisində bəlkə də hava limanı üçün ən əlverişli yer İstisuyun ətraflarında, Taxta düzü deyilən yerdədir. Adından da göründüyu kimi, ərazi nisbətən geniş və düzəndir və vulkan lavalarının qədim relyefdəki dərələri doldurmasından əmələ gəlib. 50-ci illərdə Xalq şairimiz Səməd Vurğunla Aşıq Şəmşirin görüşdüyü məşhur Ceyran bulağı da yaxınlıqda yerləşir; 

beşincisi, buradan Laçın rayonuna birbaşa, alternativ yol çəkmək olar və ya Kəlbəcərin ən böyük və Tutqun dərəsinin ən ucqar kəndi olmuş Başlıbelə yol çəkib, onu Kəlbəcər-Laçın yolu ilə birləşdirmək olar; 

altıncısı, Kəlbəcər ərazicə çox böyük rayondur, bəlkə də İstisu ətrafındakı ərazilərin daha sürətli inkişafı məqsədilə İstisuya gələcəkdə respublika tabeliyində olan şəhər statusu vermək (Naftalan kimi) və ya ayrıca rayon mərkəzi kimi formalaşdırmaq olar, və s.

Azad edilmiş torpaqlarımızın bərpası və yenidn qurulması istiqamətində işlərimiz çox, perspektivlərimiz böyükdür. 

Bu işlərin yerinə yetirilməsi yalnız Azərbaycan Respublikasının Prezidenti və onun Sərəncamı ilə yeni yaradılmış “Qarabağ Dirçəliş Fondu”ndan asılı deyil. Prezident bununla bağlı öz yekun nitqində söyləmişdi: “Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin.”

Bəli, biz hamıız bu ümumxalq işində səfərbər olmalıyıq, necə deyərlər, bacardığımız bir işin qulpundan yapışaraq, hər birimiz işğaldan azad edilmiş torpaqlarımızın çiçəklənməsi, cənnətə çevrilməsi üçün öz töhfəmizi verməliyik, çünki torpaqlarımızın layiqli şəkildə qorunması onun işğaldan azad edilməsi qədər şərəf və qeyrət məsələsidir və mən hamını fəal olmağa, bu çağırışlara qoşulmağa səsləyirəm.

Rəşid Fətəliyev

AMEA, akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, dosent

Bakı, 10.01.2021

635x100

Şərhlər

Hikmət 2021-01-20 14:52:34

Çox maraqlı yanaşmadır. Ümüd edirəm dəyərli alimimizin təklifi araşdırılacaq.

Həzi Aslanov 2021-01-13 18:27:55

Çox sağ olun gözəl bir təşəbbüs.

Veteran 2021-01-13 16:07:53

Deyəsən hamımıza ucan avtomobil hədiyyə edilıcək.

Son yazılar