“ALİ MƏHKƏMƏ ŞÜBHƏLƏRİMİ 2 QAT ARTIRDI...” – “Ölkədə bu qədər özəl ali məktəb varkən, bu hakim niyə Rusiyaya üz tutub?”

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikası Ali Məhkəməsi Milli Məclisin üzvü Etibar Əliyevi qərəzlilikdə ittiham edən açıqlama yayıb. Bundan əvvəl isə E.Əliyev Ali Məhkəmənin hakimi Abiddin Hüseynovun hüquq diplomunun həqiqiliyini şübhə altına alan fikirlər səsləndirmişdi.

“AzPolitika.info” E.Əliyevə müraciət edərək, Ali Məhkəmənin açıqlamasına münasibətini öyrənib.

- Etibar müəllim, dekabrın 23 -də Milli Məclisdə hakimlərin təyinatı ilə bağlı məsələ müzakirə olunarkən etdiyiniz çıxış geniş rezonansa səbəb oldu. Həmin çıxışda Ali Məhkəmənin bir hakiminin diplomunun həqiqiliyinin şübhə doğurduğunu söyləyib, bu istiqamətdə araşdırmaların aparılmasını təklif etdiniz. Bu gün Ali Məhkəmə açıqlama yayaraq, Sizi qərəzli olmaqda ittiham edib...

- Təəssüflər olsun ki, Ali Məhkəmə ittihamla şübhəni bir-birindən ayıra bilmir. Məni ölkədə təhsil üzrə mütəxəssis kimi qəbul edirlər və ali təhsilə dair 100-lərlə məqaləm dərc olunub. Mən adını çəkdiyim hakimin diplomunun həqiqiliyinin şübhə doğurduğunu demişəm. Qara yaxmamışam. Buna da əsaslarım var. Hakimin bioqrafiyasında göstərilir ki, o, Rusiya Hüquq Akademiyasını 3 ilə bitirib. Azərbaycanda və postsovet ölkələrində qiyabi hüquq təhsili azı 5 ildir. İkincisi Abiddin Hüseynov bioqrafiyasında ali məktəbin adını da düz yazmayıb. O, Rusiyanın Hüquq Akademiyasının Şimali Qafqaz filialını (cəmisi 1 il oxuyub orda) bitirib. Məlumatda isə Akademiyanın özü göstərilir. Ali Məhkəmənin məlum məlumatı həmin hakimin diplomunun həqiqiliyi barədə şübhələri 2 qat artırdı. Məlumatda deyilir ki, Abiddin Hüseynov 2000-ci ildə Rusiya Federasiyasının “Yujdağ” İnstitutunun Hüquqşünaslıq fakültəsinin qiyabi bölməsinə daxil olub. 2002-i ildə Rusiya Federasiyasının Ədliyyə Nazirliyinin Rusiya Hüquq Akademiyasının Şimali Qafqaz filialı Hüquqşünaslıq fakültəsinə köçürülüb və həmin ali təhsil müəssisəsinin qiyabi bölməsini 2003-cü ildə bitirmişdir. Beləliklə, cəmi bir il təhsil aldığı universitet ona diplom verib. Burda yaranan fərq imtahanları ilə 1 ilə qurtarmaq qeyri-mümkündür. Həmin ərəfədə “Yujdağ” lisenziyası olmayan özəl ali məktəb olub və adını çəkdiyim hakim 2 il orda oxuyub. “Yujdağ”ın Bakıdakı filialı yol verilən ciddi nöqsanlara görə 1998-ci ildə fəaliyyətini dayandırmışdır...

- Ali Məhkəmənin məlumatında qeyd edilir ki, Sizin A.Hüseynovdan şəxsi xahişiniz olub və o, bu xahişi yerinə yetirmədiyi üçün ona qərəzli münasibət göstərmisiniz. Bu nə xahiş idi?

- Gərək xahişin adını da yazaydılar. Yenə də cəmiyyəti çaşdırmağa çalışıblar. Bu xahiş mənim özümə aid xahiş olmayıb. Mən 20 ildən çoxdur ki, müəllimlərin hüquqlarını qorumaqla bağlı fəaliyyət göstərirəm. Deputat olandan sonra bu fəaliyyətimi daha da genişləndirmişəm. Vətəndaş qəbulunda bir xanım müəllimə mənə hüququnun pozulması barədə müraciət etdı. O, qeyd etdi ki, qanunsuz olaraq əlindən alınmış 6 saat dərsinin geri qaytarılması ilə bağlı Rayon məhkəməsi və Apellyasiya Məhkəməsi onun xeyrinə qərar çıxarıb. Məndən prosesin obyektiv aparılması üçün Ali Məhkəmənin hakimi Abiddin Hüseynovla danışmağımı xahiş etdi. Mən bir deputat kimi ona işin obyektiv araşdırılmasını xahiş etdim. Abiddin Hüseynov isə Apellyasiya instansiya məhkəməsinin qərarını ləğv etdi. Və bu məsələyə nöqtə qoyuldu.

Siz hakimlər müəllimi məcbur edirsiniz ki, deputat işin obyektiv aparılması üçün sizlərə müraciət etsin. Özünüzə inamı artırın ki, bizlərə müraciət olunmasın. Yazırlar ki, Etibar Əliyev qəbul edilmiş qərardan narazı qalıb və A. Hüseynov barədə qarayaxma kampaniyasına başlayıb. Mən həmin çıxışımda 3 hakimi tənqid etmişəm. Burda fərdi qərəz necə ola bilər? İkincisi, Ali Məhkəmənin məlumat yayması ilə bağlı çox məsələlərə aydınlıq gətirildi. A. Hüseynovun diplomunun həqiqiliyi barədə şübhələrimi daha da artırdı. Mən bunu bir mütəxəssis kimi deyirəm. A.Hüseynov ədalətdən danışır. Belədirsə, pasportunun səhifələrindəki sərhəd keçidinin qeydlərinin surətini də məlumata əlavə etsin. İkincisi, “Yujdağ” İnstitutunun akademik arayışını da gizlətməsin. Orada qeyd edilir ki, oranı 2 ilə bitirib və həm də yazılır ki, əyani təhsil 5 ildir. Yayılan məlumat şübhəmi daha da qətiləşdirdi. Digər tərəfdən məhkəmə instansiyalarında 10-larla hakim var ki, yerli özəl ali məktəbləri bitiriblər. Burada təəcüblü heç nə yoxdur. Yəni bu adamın “Yujdağ”a üz tutmasının səbəbi nə olub? Bu barədə təkcə mən yox, xeyli insan sual verir. O, belə görünür ki, Milli Məclisə də bioqrafiyası ilə bağlı qeyri-dəqiq məlumatlar təqdim edib.

2013-cü ildən sonra xaricdə təhsil alan diplomların nostrifikasiyası ilə bağlı işlər ciddi xarakter aldı. Nostrifikasiya üçün şəxsin dil bilikləri və sərhəddi neçə dəfə keçməsi, ali məktəbin qanuni olması araşdırılır. A.Hüseynova verilən şəhadətnamədə yenə ali məktəbin adı düz yazılmayıb. 2013-cü ilə qədər bu sahədə çox ciddi qüsurlara yol verilirdi. Cəmi 2 nəfər bu işlərə baxırdı. Onların hər 2-si zaman-zaman ciddi nöqsanlara yol verdiklərinə görə nazirlikdən uzaqlaşdırıldılar. Rusiyanın qanunsuz fəaliyyət göstərən filiallarından və qanunsuz fəaliyyət göstərən yerli özəl ali məktəblərdən 1000-lərə köçürmələr olub. 1000-lərə saxta diplomlara şəhadətnamələr verilib. Bunlar yenidən araşdırılsa, yer yerindən oynayar. Vəziyyət o həddə gəlib çatmışdı ki, 2013-cü ildən sonra 2500-dən çox saxta diplomlu müəllim məktəbdən kənarlaşdırıldı. Bütün sahələrdə bu cür araşdırmalar davam etməlidir.  

“AzPolitika.info”

635x100

Şərhlər

oxucu 2023-01-12 20:29:18

Hakimlərin çoxu Elşad Abdullayevin Universitetini qurtaranlardır !

İ.M. 2023-01-02 23:12:39

Hakimliyin Test imtahanından ən yüksək bal toplamış və Vəkilliyin Test imtahanından ən yüksək bal toplayan namizədin Nə Hakim olmasına , nə də Vəkil olmasına imkan verməmişlər ! Hər iki sahədə köklü kadr islahatları aparılmalıdır !

N.Seyfeli. 2022-12-30 14:07:24

Hemin dovurde guya vetendash rusiyanin hansi sheherindese instituta girib ve 3-cu kursadek oxuyub, sonra ise Azerbaycan institutlarinin birine ele 3-cu kursa perovod alib diplom alirdilar. Sonrada , bu bacarigin sanibleri muhumm yerleri tuturdular ve neticeside goz qabagindadir. Bunu arashdirsaniz, onlarin hec biri institut prosedur qaydalarini bilmirler.

oleq 2022-12-29 23:03:51

Etibar müəllim tam düz deyir,Ş.Qafqazda ali təhsil diplomları almış insanların 99% saxtadır,Özü də qiyabi təhsil,Təklif edirəm ki,qiyabi və axşam təhsil almış insanların ümumiyyətcə diplomu tanınmasın,çünki bu cür təhsil yoxdur və orada heç vaxt dərs keçilməyib,savad almaqdan söhbət gedə bilməz.

Ramiz 2022-12-29 20:13:14

Bütün Rusiya gürcüstan Türkiyə Ukrayna diplomlarının yoxlanması üçün Milli Məclisdə məsələ qaldrılmalıdır. Saxta diplomlular savadlıların yrini tutub pul gücünə.........

Mubariz 2022-12-29 19:29:11

Bizdə San-Marino unversiteti vardı ,rektoruda Elşad Abdullayev ,pulu alırdı tələbə qəbul edirdi ,bir ildən sonra BDU -ya köçrülürdülər , yoxlasalar vəzifədə olanların əksəiyyəti beləcə diplom alıblar , eləcə də Dağıstanın donqli ali məktəbi

Cəmşid Dərələyəzli 2022-12-29 17:37:36

Milli Məclisin üzvü Etibar Əliyevin Milli Məclisin son plenar iclasında etdiyi çıxışı alqışladım və o çıxışa qatılaraq münasibətimi bildirib, sosial şəbəkəklərdə və Azpolitka saytında paylaşdım. Yaxşı olardı ki, Ali Məhəmə Etibar Əliyevi qərəzçilikdə ittaham etməmişdən əvvəl, öncə aynada bir özünə baxardı, sonra da Abiddin Hüseynovun keçmişini, təhsilini və bir "hakim " olaraq da aşağı instansiya məhkəmələrində işləyərkən çıxarmış olduğu qanunsuz qərarları bir araşdırıb da sonra münasibət bildirərdi. Məsələ ilə bağlı paylaşmamda da qeyd etmişəm. 2016-cı ildə oğlumun yol keçidi üzərində ( Yeni Azərbaycan Partiyasının Pirallahı rayon təşkilatının hadisə baş vrən anda sədri olmuş (kemiş sədri yəni) Manaf Manafovun xidməti maşını ilə) vurularaq öldürülməsi ilə bağlı son beş ildə Azərbaycan məhkəmələrində 33 məhkəmə iclası keçirməyə məcbur edilmişəm (sonda da hədəfimizə ulaşmadan məsələ qapadıldı). Azərbaycanda Məhkəmə sisteminin nə vəziyyətdə olduğunu bundan artıq əyyani sübutu ola bilərmi. Hansı ki, bu iş Azərbaycanda on minlərlə məhkəmə işlərindən biridir. İndi gəlirəm, Ali Məhkəmənin müdafiəsinə qalxdığı yarıtmaz və vicdan nədir bilməyən Abiddin Hüseynovun üzərinə. İlk olaraq qeyd olunan ölümlə bağlı Səbail rayon məhkəməsində qaldırdığım iddia birmənalı olaraq qanundan kənar təmin olunmadı. Sonra verilmiş qətnamədən Apellasiya şikayəti verdik. . Apellasiya məhkəməsində işin icraatı verildi Abiddin Hüsüynova. Abiddin Hüseynov 25.12.2018-ci il tarixli qərarı ilə Bakı şəhər Səbail rayon məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması barədə qərar çıxardı. Qərardan Ali Məhkəməyə Kassasiya şikayəti verildi. Ali Məhkəmə tərəfindən Bakı Apellasiya Məhkəməsinin 25.12.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, işə yenidən baxılması üçün, Bakı Apellasiya Məhkəməsinə geri qaytarılmışdır. Əslində Ali Məhkəmə bir qəradad da Abiddin Hüseynovun yarıtmaz fəaliyyəti ilə bağlı çıxarıb, haqqında tədbir görülməsi ilə bağlı göndərməli idi Məhkəmə Hüquq Şurasına.Etmədi. Belə olan halda biz özümüz o zamn Abiddin Hüseynovdan Məhkəmə Hüquq Şurasına rəsmi olarq şikayət etdik, Təssüf ki, nəticəsi olmadı. Necə də ola bilərdi ki, Fikrət Məmmədov həm də Məhkəmə Hüquq Şurasının sədridir. "Kəndin doğ, kəndin də göbəyini kəs" məsələsi. İndi isə söz Ali Məhkəmənindir. Buyiursunlar izah etsinlər Abiddini nədən müdafiə edirlər. Amma inanırıq ki, Ölkə Başçısı Azərbaycanda Məhkəmə Hüquq sitemi üzrə qarşıya qoymuş olduğu hədəflərə ulaşmaq üçün də öz qətiyyətini ortaya qoyacaqdır.. Görünən o ki, əvvəllər bu barədə verilmiş qərar və göstərişlər kimlərsə tərəfindən göz ardı edilmişdir və edilməkdədir də..

Rr 2022-12-29 14:53:02

Azərbaycanda saxta diplomların sayı hesabı yoxdur

Vugar 2022-12-29 14:01:21

Mence 'sechildiyiniz sechki dairesinde sesverme bulletenlerini yeniden saymaq lazimdir ki edalet berqerar olsun.

Son yazılar