“AzPolitika.info” saytı güclü kiberhücuma görə 4 günlük fasilədən sonra fəaliyyətini bərpa edib.
Məlum olduğu kimi, Azərbaycanda son 4 gün ərzində “AzPolitika.info” da daxil olmaqla bir neçə aparıcı sayta, o cümlədən “Global Media Group”-a aid media qurumlarına qarşı olduqca peşəkar səviyyədə təşkil olunan xarici kiberhücum nəticəsində bu resurslara giriş əngəllənmişdi.
Adi haker hücumundan öz miqyası və peşəkarlığı ilə seçilən bu aktın kimin tərəfindən təşkil olunduğunu, əlbəttə ki, müvafiq dövlət orqanlarımız araşdıraraq müəyyən edəcək. İlkin əlamətlər bu hücumun sanki İran tərəfindən təşkil olunduğuna dair bir təsəvvür yaradırdı. Belə ki, hücumun ilk saatlarında “AzPolitika.info” da daxil olmaqla, sözügedən saytlara giriş səhifəsində İrana aid məzhəbçi dini təşkilatların simvolları yerləşdirilmişdi. Ancaq xarici xüsusi xidmət orqanlarının iş prinsiplərini nəzərə alsaq, bunun “iz azdırmaq” üçün edildiyini düşünməyə əsas verən xeyli faktorlar var.

Məhz indi, Azərbaycanla İran arasında münasibətlərin nisbətən normallaşdırılması prosesinin müşahidə edildiyi, “AzPolitika” da daxil olmaqla, mediamızda İran mövzusunun heç də prioritet təşkil etmədiyi bir vaxtda bu cür kütləvi kiberhücumun məhz İran xüsusi xidmət orqanları tərəfindən təşkil olunduğu bir o qədər məntiqli görünmür. İki ölkə arasında münasibətlərdə son illər indikindən qat-qat daha gərgin, informasiya savaşınınsa daha qızğın olduğu dövrlər yaşanıb. Bu cür kütləvi kiberhücuma dair həmin vaxtlarda deyil, məhz indiki nisbətən “yumşaq” dönəmdə qərar verilməsi şübhəli görünür. Lakin bu o demək deyil ki, “İran variantını” tamamailə istisna etmək lazımdır...

Əvəzində, son zamanlar, xüsisilə də AZAL təyyarəsinin Rusiya səmasında vurulmasından sonra Kremlin təbliğat maşınının Azərbaycana qarşı başlatdığı çirkin kampaniya nəzərlərimizin şimala yönəlməsi üçün xeyli ciddi əsaslar yaradır. Onu da nəzərə alaq ki, bu kiberhücum Bakıdakı “Rus Evi”-nin Azərbaycan qanunvericiliyinə uyğun olaraq bağlanması, "Rossiya Seqodnya"nın (Sputnik) Azərbaycandakı nümayəndəliyinin ləğv edilməsi, yəni, Rusiyanın Azərbaycandakı təsir agentləri və yumşaq güc mərkəzlərinin bir-bir sıradan çıxarılması fonunda baş verib. Həmçinin, Rusiya xüsusi xidmət orqanlarındakı haker qrupları İrandakı “məsləkdaşları” ilə müqayisədə daha peşəkardırlar və indiyə qədər ABŞ-nin seçki sisteminə kibermüdaxilə cəhdindən tutmuş bir çox Qərb ölkələrinin ayrı-ayrı strukturlarına qarşı kiberhücumlara qədər bir bir çox əməliyyatları ilə ad çıxarıblar. İran isə bu cür “nailiyyətlər”lə öyünə bilməz..
Qeyd edək ki, “AzPolitika.info” istər Rusiyanın, istərsə də İranın Azərbaycana yönələn informasiya-təbliğat kampaniyası ilə mübarizədə, Azərbaycandakı həm Rusiya, həm də İran şəbəkəsinin dövlətimizə və dövlətçiliyimizə qarşı ziyanlı fəaliyyətinin ifşasında özünəməxsus rola malikdir. Bu baxımdan saytımızın “vurulan” media resurslarının sırasında olması təsadüfi sayıla bilməz.

Təəssüf ki, yerləşdiyimiz regionun geosiyasi əhəmiyyəti və ölkəmizin mövqeyi Azərbaycanın media məkanının bir neçə regional və qlobal güc mərkəzləri tərəfindən hədəfə alınmasını qaçılmaz edir. Bu baxımdan kiberhücumun ayrı-ayrılıqda həm İran, həm Rusiya, həm də Ermənistan və onun arxasında duran məlum qüvvələr tərəfindən təşkil oluna biləcəyini düşünməyə əsas verən xeyli faktorlar var. Odur ki, əvvəldə də qeyd etdiyimiz kimi, bu hücumun təşkilatçısını xüsusi xidmət orqanlarımızdakı mütəxəssilər müəyyən edəcək. Ancaq bir şeyi dəqiqdir ki, bu, təsadüfi, “həvəskar” hakerlərin əməli deyil və çox güman ki, yalnız yuxarıda adı çəkilən üç tərəfdən birinin xüsusi xidmət orqanlarının peşəkar haker qruplarının keçirdiyi əməliyyatın nəticəsidir. Və o da dəqiqdir ki, bu cür hücumlar, təhdidlər və s. bizləri yolumuzdan, hədəflərimizdən yayındıra bilməz...
“AzPolitika.info”

Şərhlər
Azpolitikadan qat-qat güclü saytlarda var..hamısının eyni dəsti xətti var..bağlanmağı ilə heçnə dəyişmir..
Gerçəkdən də Azpolitikasız keçən günlər çox çətin oldu. Heç bir mətbu orqan sizi əvəz edə bilmədi. Xüsusilə də, peşəkarlıq və akademik baxımdan. Hərdən əsəbləşib qaranızca deyinsəm də araya girmiş olan bu bir-neçə günlük ayrılıq mənə bir şeyi də sübut etdi. Heç demə sizləri düşündüyümdən də çox istəyirəmmiş. Azpolitikasız günlük həyat çox darıxdırıcı və hüznlü olurmuş. Gerçəkdən də doğmasınız və həmişə var olasınız. Hamımıza keçmiş olsun.