Almaniyanın xarici işlər naziri Yohann Vadeful Yaxın Şərq sülh planının bundan sonra da həyata keçirilməsinə ümid etdiyini bildirib.
"Report"un DPA agentliyinə istinadən verdiyi məlumata görə, o, bu barədə Tel-Əvivdə İsrailli həmkarı Gideon Saar ilə görüşdən sonra bildirib.
Onun sözlərinə görə, Qəzza zolağında daimi təhlükəsizlik və sabitliyin ilk şərti İsrail və Fələstinin HƏMAS hərəkatı arasında atəşkəsin təmin edilməsidir: "Ümumiyyətlə, məndə belə bir təəssürat yarandı ki, hər iki tərəf bu atəşkəsi uzunmüddətli prosesə çevirmək və son nəticədə sülhə nail olmaq əzmindədir. HƏMAS-ın tərksilah edilməli olduğunu söyləmək, əslində bunu etməkdən daha asandır. Bunun üçün ümumi iradə var".
Almaniyanın xarici işlər naziri sülh prosesinin davam etdiriləcəyinə əminliyini ifadə edib: "Mən həmçinin inanıram ki, biz İsrail üçün səyahət tövsiyələrinə yenidən baxa bilərik".
Səyahət məhdudiyyətlərini yüngülləşdirməklə, nazir İsrail və Almaniya arasında daha çox mübadiləni təşviq etmək niyyətindədir: "Bu, xüsusilə gənc nəsil üçün vacibdir. Hazırda tələbələrin və məktəblilərin İsrailə səyahət etmək üçün ciddi maneələrlə üzləşməsindən narahatıq".


Şərhlər