Polşa hökuməti dəmir yolu xəttində baş verən partlayışla bağlı iki Ukrayna vətəndaşını şübhəli bilib. Baş nazir Donald Tusk onların “böyük ehtimalla Rusiya xüsusi xidmətlərinin tapşırığını yerinə yetirdiyini” bildirib. Şübhəlilər hadisədən sonra Polşanı tərk edərək Belarusa keçiblər, biri Ukraynada da diversiya ittihamı ilə məhkum olunub.

Polşa xüsusi xidmətləri koordinatoru Yatsək Dobjinski BBC-yə açıqlayıb ki, bütün göstəricilər partlayışı Rusiya xüsusi xidmətlərinin təşkil etdiyini göstərir. Diversiyanın məqsədi hüquq-mühafizə orqanlarının reaksiyasını ölçmək ola bilər.

Hələlik Polşa tərəfi Rusiyanın birbaşa əlaqəsini sübut edən dəlilləri açıqlamayıb.

Kremlin sözçüsü Dmitri Peskov ittihamları rədd edərək bildirib ki, Rusiyanı bütün hibrid və açıq müharibə təzahürlərində günahlandırmaq adətə çevrilib. O deyib ki, “ilk olaraq Rusiyanın ittiham olunması artıq təəccüblü deyil”.

Polşanın xüsusi xidmətlər üzrə naziri Marçin Kervinski də əvvəlki gün bildirib ki, baş vermiş partlayışın “xarici xidmətlərin göstərişi ilə” həyata keçirilməsi ehtimalı çox yüksəkdir. 

Baş nazir Tusk partlayışı “misilsiz sabotaj aktı” adlandırıb, ziyan daha böyük olsaydı qatar relsdən çıxaraq insan tələfatına səbəb ola bilərdi. Xəsarət alan olmayıb, relslərdə və elektrik təchizatında zədələr olub.

Polşa son illər ard-arda baş verən sabotajları Rusiya xüsusi xidmətlərinin Qərbə qarşı hibrid müharibəsinin tərkib hissəsi hesab edir. 

Moskva isə ittihamları əsassız sayır və Varşavanın açıqlamalarını “gərginliyi artırmağa yönəlmiş” adlandırıb.

“AzPolitika.info”