Suriyada hakimiyyətin dəyişməsindən sonra Rusiyaya sığınan devrilmiş prezident Bəşər Əsədin ailəsi Moskvada rahat və dəbdəbəli həyat sürür.
Bu barədə ABŞ-nin "New York Times" nəşri məlumat yayıb.
Məlumata görə, Əsəd ailəsi Moskvaya gəldikdən sonra əvvəlcə gecəlik qiyməti olduqca yüksək olan “Four Seasons” otelində məskunlaşıb. Daha sonra onlar Federasiya Qülləsindəki iki mərtəbəli penthausa, ardınca isə Rublyovkada yerləşən fərdi evə köçüblər. Bəşər Əsədin Moskvada Rusiya siyasi elitasının və məşhurların üz tutduğu nüfuzlu məkanlarda göründüyü, eləcə də VİP qonaq kimi qəbul edildiyi qeyd olunur. Bildirilir ki, Əsəd hazırda oftalmologiya üzrə təhsilini davam etdirir və Rusiya xüsusi xidmət orqanlarının nəzarəti altındadır.
Qeyd olunur ki, Əsədin qardaşı, Respublika Qvardiyasının keçmiş komandiri Mahir Əsəd də Moskvada yaşayıb və müxtəlif elit yaşayış məkanlarında görünüb. Bəşər və Mahir Əsədin qızlarının isə BƏƏ-də, yerli hakimiyyətin icazəsi ilə yaşadıqları bildirilir. Mənbələrə görə, ailə üzvləri Dubay və Moskva kimi şəhərlərdə bahalı şənliklər və ziyafətlər təşkil ediblər.
Bununla yanaşı, devrilmiş Suriya hakimiyyətinə bağlı keçmiş yüksək vəzifəli şəxslərin böyük hissəsinin də Rusiyada olduğu bildirilir. Onların arasında keçmiş kəşfiyyat rəhbərləri, hərbi komandirlər və rejimin ağır cinayətlərində ittiham olunan şəxslər var. Bəzi keçmiş məmurların Moskvada dövlət hesabına mənzillərdə yaşadığı, bəzilərinin isə paytaxtın mərkəzində sərbəst şəkildə hərəkət etdiyi qeyd olunur.
"AzPolitika.info"


Şərhlər