ABŞ Dövlət Departamenti Avropa İttifaqının Rəqəmsal Xidmətlər Qanununun (DSA) əsas ideoloqlarından biri, Aİ Komissiyasının daxili bazar üzrə keçmiş üzvü Tyerri Bretonun ABŞ-yə girişinə qadağa qoyub.
Bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat verib. Onun sözlərinə görə, Ağ Ev Avropada fəaliyyət göstərən bəzi şəxsləri Amerika texnologiya şirkətlərinə və platformalarına senzura tətbiq etmək üçün təzyiqlərə görə məsuliyyət daşıyan fiqurlar hesab edir.
“Avropadakı ideoloqlar uzun müddət Amerika platformalarını xoşlarına gəlməyən fikirləri cəzalandırmağa məcbur etməyə çalışıblar. Tramp administrasiyası bu cür eksteritorial senzura cəhdlərinə artıq dözməyəcək”, – deyə Rubio X sosial şəbəkəsində yazıb.
ABŞ dövlət katibinin ictimai diplomatiya üzrə müavini Sara Rocers bildirib ki, sanksiya siyahısına ümumilikdə beş Avropa vətəndaşı daxil edilib. Onların arasında Tyerri Breton da var. Rocers Bretonu sosial şəbəkələrdə məzmunun moderasiyasını məcburi edən DSA-nın “baş ideoloqu” adlandırıb.
Məlumata görə, Breton İlon Maskın Donald Trampla müsahibəsindən bir neçə saat əvvəl X sosial şəbəkəsinə məktub göndərərək, DSA çərçivəsində “tam sanksiya tətbiqi” ilə hədələyib.
Viza məhdudiyyətləri siyahısına həmçinin Rəqəmsal Nifrətlə Mübarizə Mərkəzinin (CCDH) icraçı direktoru İmran Əhməd, Global Disinformation Index təşkilatının rəhbəri Kler Melford, Almaniyanın HateAid təşkilatından Anna-Lena fon Hodenberq və Jozefina Ballon da daxil edilib.
ABŞ tərəfi bildirir ki, sanksiyalar yalnız vizalarla bağlıdır və maliyyə məhdudiyyətlərini əhatə etmir. “Əgər kimsə Amerika söz azadlığının senzurası üzərində karyera qurursa, ABŞ-də arzuolunan deyil”, – deyə Rocers qeyd edib.
Fransa hökuməti isə Vaşinqtonun qərarını tənqid edib. Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib ki, Rəqəmsal Xidmətlər Qanunu demokratik şəkildə qəbul olunub və məqsədi “oflaynda qanunsuz olanın onlaynda da qanunsuz sayılmasıdır”.
"AzPolitika.info"


Şərhlər