Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə dəfələrlə təşəkkür etməsinin səbəblərini izah edib. Paşinyan hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib ki, onun reaksiyası tamamilə məntiqli və adekvatdır.
“AzPolitika” xəbər verir ki, Paşinyanın sözlərinə görə, bəzən baş verən hadisələrin qavranılması süni şəkildə həddindən artıq mürəkkəbləşdirilir: “Bizdə baş verənləri lazımsız dərəcədə çətinləşdirmək meyli var. Məsələn, niyə bu mikrofon mavidir, o biri qırmızıdır, niyə sarı deyil, qara niyədir və bundan geosiyasi nəticələr çıxarılır”.
Paşinyan vurğulayıb ki, əgər hadisə birbaşa Ermənistanla bağlıdırsa, ölkə buna münasibət bildirməlidir: “Əgər bu münasibət müsbətdirsə, o zaman bunu açıq şəkildə ifadə etmək lazımdır”.
Baş nazir son dövrlər atılan bir sıra konkret addımları xatırladıb. Onun sözlərinə görə, əvvəlcə Qazaxıstan, daha sonra isə Rusiya üçün buğda idxalına qoyulan məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda, Ermənistandan dəmir yolu daşımalarına heç bir məhdudiyyət tətbiq olunmayıb.
Paşinyan qeyd edib ki, Azərbaycan neft məhsullarının satışına da hazır olduğunu bildirib: “Bir eşalon neft məhsulu artıq gəlib və məhsul bazarda mövcuddur”.
Ermənistan hökumətinin başçısı bu cür addımlara münasibətin açıq şəkildə ifadə edilməsini düzgün hesab etdiyini və mövqeyini qəsdən müxtəlif platformalarda səsləndirdiyini bildirib: “Bu, Ermənistanın mövqeyinin aydın şəkildə qeydə alınması üçün vacibdir”.
Onun sözlərinə görə, bu proses Avrasiya İqtisadi İttifaqı (Aİİ) baxımından da əhəmiyyətlidir: “Çünki faktiki olaraq biz Aİİ ilə dəmir yolu əlaqəsi əldə etmişik”.
Paşinyan gələcəkdə Ermənistanın da Azərbaycana məhsul ixrac edə biləcəyinə ümid etdiyini bildirib.
“AzPolitika.info”


Şərhlər