Ukraynadakı müharibəyə son qoymaq üçün nəzərdə tutulan 20 maddəlik plan hazırda 90% tamamlanıb.
“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında deyib.
"Bizim vəzifəmiz hər şeyin 100% hazır olmasını təmin etməkdir. Bu, asan deyil və heç kim dərhal 100% hazır olacağını demir, amma buna baxmayaraq, hər görüşdə, hər söhbətdə istənilən nəticəni daha da yaxınlaşdırmalıyıq", - deyə Zelenski bildirib.
O qeyd edib ki, Ukrayna nümayəndə heyətinin ABŞ-yə səfəri zamanı geniş gündəm müzakirə olunacaq. O, həmçinin ABŞ Prezidenti Donald Trampla bu bazar günü şəxsən görüşə biləcəyini təsdiqləyib.
“Biz bu sənədləri xüsusilə müzakirə edəcəyik: təhlükəsizlik zəmanətləri — bu blokda bir neçə sənəd var və hamısını müzakirə etməyin yolunu tapmaq arzuolunandır. Sonra iqtisadi razılaşma var — hələlik əsas konturlar mövcuddur, bir neçə razılaşma olacaq və biz burada istiqaməti müzakirə etməliyik”, — deyə Zelenski qeyd edib.
Prezidentin sözlərinə görə, Ukrayna dərc olunmuş 20 bəndlik sülh planına hələ Moskvadan rəsmi cavab almayıb. O qeyd edib ki, Ukrayna bu məsələlərlə bağlı yalnız ABŞ ilə əlaqə saxlayır.
"Amerikalılar da öz növbəsində ruslarla əlaqə saxlayırlar və düşünürəm ki, yaxın günlərdə onların rəsmi cavabını biləcəyik", - deyə Zelenski qeyd edib.
Prezidentin sözlərinə görə, Ukrayna ABŞ-də keçiriləcək görüşdə həssas məsələləri, xüsusən də Donetsk və Luqansk vilayətlərinin əraziləri, eləcə də Zaporojye Atom Elektrik Stansiyası və Ukrayna ordusunun say məhdudiyyətləri ilə bağlı məsələləri müzakirə etməyi planlaşdırır: "Düzünü desəm, ordu ilə bağlı, hazırda Amerika tərəfi ilə müqavilələrimizdə nələr təsbit olunubsa, mən bütün bunları açıq şəkildə bildirmişəm. Biz hazırda orada yerləşdirilən ordudan məmnunuq; bizim üçün bu, təhlükəsizlik zəmanətidir və Amerika tərəfi bizi anlayır".
“AzPolitika.info”


Şərhlər