Dekabrın 29-da Türkiyənin şimal-qərbində terrorçu İŞİD silahlıları ilə toqquşmada yeddi polis əməkdaşı yaralanıb. "Reuters" şahidə və dövlət mediasına istinadla İŞİD-ə qarşı polis əməliyyatının davam etdiyini xəbər verir.
İstanbulun cənubundakı Yalova vilayətində toqquşma yerində atışma səsləri eşidilib. Polisin yaraqlıların olduğu güman edilən evdə gecə əməliyyatı keçirdiyi bildirilir.
Yaxınlıqdakı yol bağlanıb, əməliyyatın hələ də davam etdiyi açıqlanıb. Ərazidə polis helikopterinin uçduğu, yaxınlıqdan tüstü qalxdığı, bir neçə təcili yardım, yanğınsöndürən maşının gəldiyi xəbər verilir.
Türkiyə polisi ötən həftə 115 şübhəli İŞİD üzvünü saxladığını, onların Milad və Yeni il bayramında hücumlar planlaşdırdığını bildirib.
"TRT Haber" yaralı polislərin xəstəxanaya aparıldığını, vəziyyətlərinin ağır olmadığını xəbər verib.
NTV-nin məlumatına görə, şübhəlilər əməliyyata başlayan polisə atəş açıblar. Qonşu Bursa vilayətindən əraziyə xüsusi polis qüvvələri göndərilib.
İstanbul prokurorluğu ötən həftə bildirirdi ki, İŞİD silahlılar qeyri-müsəlmanlara qarşı hücumlar planlaşdırır.
Təxminən 10 il öncə cihadçı qruplaşma Türkiyədə mülki hədəflərə hücumlarda günahlandırılıb. İstanbulda gecə klubuna hücumda onlarla adam öldürülüb.
“AzPolitika.info”


Şərhlər