Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Mırtı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"VAZ-2106" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində altı nəfər - 1998-ci il təvəllüdlü Rauf Haqverdiyev, 1995-ci il təvəllüdlü Kərim Məsimov, 2000-ci il təvəllüdlü İsa Əliyev, 2006-cı il təvəllüdlü Loğman Əliyev, 2020-ci il təvəllüdlü O.M, 2020-ci il təvəllüdlü A.M xəsarət alıb.
2018-ci il təvəllüdlü N.M isə aldığı xəsarətlərdən vəfat edib.
Şirvan bürosuna Göyçay Rayon Mərkəzi Xəstəxanasından bildirili ki, saat 16:20 radələrində Göyçay rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 7 nəfər (kişi) Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin travmaları, qapalı kəllə-beyin travması, başın təpə sümüyünün sınıqları, üzün və bədənin müxtəlif nahiyələrinin kəsilmiş, sıyrılmış yaraları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri ağır qiymətləndirilən 1998-ci il, 2000-ci və 2020-ci il (2 nəfər) təvəllüdlü pasiyentlərin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
1995-ci il təvəllüdlü pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən 2006-cı il təvəllüdlü şəxs ambulator müalicə üçün evə buraxılıb.
Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 17:00 radələrində 2018-ci il təvəllüdlü şəxsin ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə təhvil verilib.


Şərhlər