Beynəlxalq medianın yaydlğı ilkin məlumatlara əsasən, ABŞ Venesuelaya qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb və paytaxt Karakasda vəziyyət kəskin şəkildə gərginləşib.
Məlumatlara görə, ABŞ Hərbi Hava Qüvvələrinin Karakasda endirdiyi hava zərbəsi nəticəsində Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopesin yaşadığı ev bombalanıb. Bir sıra mənbələr onun həlak olduğunu iddia etsə də, Venesuela yerli mediası hazırda müdafiə naziri ilə əlaqə saxlaya bilmədiklərini bildirir. Rəsmi təsdiq hələlik yoxdur.
Sky News Arabia Maduro rejiminin müdafiə nazirinin evinin ABŞ HHQ tərəfindən vurulduğunu iddia edir. Fox News isə ABŞ-nin Venesuelaya qarşı əməliyyatlarını ölkənin İran, Rusiya, Çin və Hizbullah da daxil olmaqla Vaşinqtonun düşmənləri üçün “qaynar mərkəzə” çevrilməsi ilə əsaslandırıldığını yazır.
Eyni zamanda, ABŞ Dəniz Piyadaları Korpusunun Karib dənizində Venesuelaya aid bir sıra adalara desant endirməsi ilə bağlı ilkin məlumatlar yayılıb. CBS News Tramp administrasiyası rəsmilərinin Karakas üzərində partlayışlar və hərbi təyyarələr barədə məlumatlardan xəbərdar olduqlarını bildirdiyini qeyd edib.
Kolumbiya Prezidenti Qustavo Petro açıqlamasında Karakasın raketlərlə bombardman edildiyini deyərək, ABŞ-nin Venesuelaya hücum etdiyini bildirib və Amerika Dövlətləri Təşkilatı ilə BMT-ni dərhal fövqəladə iclasa çağırıb.
Venesuela Silahlı Qüvvələri səfərbərlik elan edib, Prezident Sarayının yaxınlığında tanklar yerləşdirilib, Karakas küçələrində hərbi patrul gücləndirilib. Qeyri-rəsmi hərbi vəziyyətin tətbiq edildiyi ehtimal olunur.
Xatırladaq ki, daha əvvəl The New York Times ABŞ senatoru Marko Rubionun Venesuelanı Kuba hökumətinin devrilməsində əsas açarlardan biri kimi gördüyünü yazmışdı. Hazırda bölgədəki vəziyyətlə bağlı rəsmi Vaşinqton və Karakasdan ziddiyyətli məlumatlar daxil olmaqda davam edir.
Rasim
"AzPolutika.info"


Şərhlər