Menu

Həkim tapılmadı, xadimələr kömək etdi... - Naxçıvanda qəribə olay

06.01.2026, 14:58
Həkim tapılmadı, xadimələr kömək etdi... - Naxçıvanda qəribə olay

“Bayram günlərində Naxçıvan Mərkəzi Xəstəxanasında növbətçi həkim olmadığından, onları tibb bacıları, bəzən isə xadimələr əvəz edib. Xəstəxanada təcili tibbi yardım üçün zəruri vasitələr - şpris, ağrıkəsici, bint, spirt və digər ləvazimatlar da tapılmayıb. Bu səbəbdən xəstələrə türkəçarə üsullarla yardım göstərildiyi bildirilir”.

Bu barədə “Gündəlik Naxçıvan” kanalı məlumat yayıb.

Məlumata görə, ən diqqətçəkən hadisə dekabrın 30-da baş verib. Ayağı qırıldığı üçün xəstəxanaya aparılan B. Mürsəlov “Gündəlik Naxçıvan”a deyib ki, lazımi tibbi alət tapılmadığından sınıq ayağını sabitləmək üçün ayaqqabı geyinməkdə istifadə olunan “rajok”dan istifadə edilib:“Ayağımın ağrısından dayana bilmirdim. Xəstəxanaya çatanda sevindim ki, nəhayət kömək edəcəklər. Amma dedilər həkim yoxdur. Ağrıkəsici istədik, o da tapılmadı. Tibb bacıları yaxın gəlmədilər, dedilər bu həkim işidir. Axırda xadimələr işi üzərlərinə götürdülər. Sınıq ayağı bərkitmək üçün alət olmadığından “rajok” gətirdilər. Onu bərkitməyə bint tapılmadı, hardansa rezin tapıb bağladılar. Sonra dedilər ki, həkimlər bir neçə gün olmayacaq, aparın sınıqçıya. Məcbur qalıb bu vəziyyətdə sınıqçıya getdim. O da yumurta sarısı ilə gips qoydu. Bu gün rentgenə düşmək istədim, dedilər rentgen aparatı da işləmir”.

Bayram günlərində ağır xəstə olan yaxınını xəstəxanaya aparan Gövhər Məmmədova isə bildirib ki, onların bəxti nisbətən gətirib və gec də olsa həkim gəlib, lakin vəziyyət yenə də acınacaqlı olub:“Bu boyda xəstəxanada həkimi yerində tapa bilmədik. Zəng etdilər, 1-2 saatdan sonra gəldi. Amma nə şpris var idi, nə ağrıkəsici, nə bint, nə də spirt. Ən xırda ləvazimatları belə aptekdən özümüz almışıq. Palatada oturmağa da icazə vermirlər, deyirlər çarpayı çirklənər. Bu xəstəxana yox, taleyin ümidinə buraxılmış bir bina idi. Həkim yoxdur, dərman yoxdur, kömək edən yoxdur”.

"AzPolitika.info"

Şərhlər

Eli 2026-01-06 16:51:44

Fuad Necefli Naxçıvanı nece lazımdur "qayırıb düzeldıb" ve biz çox "möcüzelerın" şahidi olacayıq.Allah bundan beterini saxlasın .Her yeni rehber geldkde veziyyet düzelmek evezine pisleşir.Nedir göresen naxçıvanlıların günahı?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol