Qara dənizdə Türkiyə sahilləri yaxınlığında Rusiyaya istiqamətlənən neft tankerinə pilotsuz uçuş aparatı ilə hücum edilib. Hadisə Kastamonu vilayətinin Abana rayonu yaxınlığında, sahildən təxminən 50 kilometr məsafədə qeydə alınıb.
Türkiyənin “Ortadoğu” nəşrinin məlumatına görə, Palau bayrağı altında üzən “Elbus” adlı tanker Rusiyanın Novorossiysk limanına doğru hərəkət edərkən dronun hücumuna məruz qalıb. Hücum nəticəsində tankerin üst hissəsi zədələnib, lakin ekipaj üzvləri arasında xəsarət alan olmayıb.
Bildirilir ki, insidentdən sonra gəmidən təcili siqnal göndərilib və hadisə yerinə Türkiyə Sahil Mühafizəsi qüvvələri cəlb olunub. Zədələnmiş tanker İnebolu limanına yedəyə alınıb. Limanda texniki baxış və təhlükəsizlik tədbirləri həyata keçiriləcək.
Məlumata görə, aparılacaq texniki araşdırma hücumun mənbəyini və gəmiyə dəyən ziyanın miqyasını müəyyən etməlidir. Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən əlavə açıqlama verilməyib.
“AzPolitika.info”


Şərhlər