Menu

Qaribaşvilinin evindən müsadirə edilən 6,5 milyon dollar dövlət büdcəsinə köçürülüb - YENİLƏNİB

12.01.2026, 20:32
Qaribaşvilinin evindən müsadirə edilən 6,5 milyon dollar dövlət büdcəsinə köçürülüb - YENİLƏNİB

Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvilinin evindən istintaq çərçivəsində müsadirə edilən 6,5 milyon dollar dövlət büdcəsinə keçirilib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə onun vəkili Mixeil Şakulaşvili bildirib.

Vəkilin sözlərinə görə, Gürcüstan Prokurorluğu müdafiə tərəfinin təqdim etdiyi sübutların bir hissəsini nəzərə alıb və buna əsasən Qaribaşviliyə qarşı irəli sürülən ittihamların mətni dəyişdirilib. Şakulaşvili qeyd edib ki, hazırda Qaribaşvili Gürcüstan Cinayət Məcəlləsinin 194-cü maddəsinin 3-cü hissəsinin "C" bəndi ilə ittiham olunmaqda davam edir.

M.Şakulaşvilinin açıqlamasına görə, yeni ittiham İrakli Qaribaşvilinin şərab sənayesindən əldə etdiyi gəlirləri bəyan etməməsi ilə bağlıdır. Vəkil bu əməlin rəsmi vəzifə cinayəti olmadığını, maliyyə xarakterli hüquqpozma kimi qiymətləndirildiyini vurğulayıb.

"Bizim təqdim etdiyimiz sübutlar – fabriklə bağlı bank müqavilələri, ödənişlər və digər maliyyə sənədləri diqqətlə araşdırıldı. Nəticədə, ittihamın fabrik fəaliyyəti ilə bağlı hissəsi çıxarıldı. Hazırda ittiham yalnız şərab sənayesindən əldə edilən gəlirlərin bəyan edilməməsinə aiddir. Bu isə maliyyə sahəsində törədilmiş cinayət hesab olunur", – vəkil qeyd edib.

Vəkil əlavə edib ki, istintaq zamanı Qaribaşvilinin evindən götürülən qızıl əşyalar və saatlar ona məxsus olmayıb.

Şakulaşvili həmçinin vurğulayıb ki, digər məhkumlar kimi, İrakli Qaribaşvilinin də şərti azadlığa buraxılma və əfv hüququ var.

Qeyd edək ki, İrakli Qaribaşvili 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, əlavə olaraq 1 milyon lari (təxminən 371 min dollar - red.) məbləğində cərimə və iki avtomobilin müsadirəsi nəzərdə tutulub.

***

Gürücstanın sabiq Baş naziri İrakli Qaribaşvili 5 il müddətinə həbs cəzasına məhkum ediləcək.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğundan bildirilib.

Məlumata əsasən, Qaribaşvili günahının etirafı haqqında razılaşma imzalayıb. Ona əlavə cəza olaraq 1 milyon lari (370 min ABŞ dolları) məbləğində cərimə də tətbiq olunub.

Qaribaşvili həmçinin cinayətkar fəaliyyət nəticəsində əldə etdiyi pulları, həmçinin evində axtarış zamanı müsadirə edilən 6,5 milyon ABŞ dollarını dövlətə qaytarmalı olacaq.

Qeyd edək ki, Qaribaşvili xüsusilə külli miqdarda gəlirin leqallaşdırılmasında ittiham olunur. Tbilisi Şəhər Məhkəməsi ötən ilin oktyabrın 24-də onun barəsində bir milyon lari məbləğində girov qətimkan tədbiri seçib. Girovun əvəzinə onun Tbilisidəki mənzili müsadirə edilib.

Xatırladaq ki, Qaribaşvili Gürcüstanın Baş naziri vəzifəsini 2013-2015 və 2021-2024-cü illərdə tutub. O, 2024-cü ilin fevralın 1-də hakim “Gürcü Arzusu” partiyasının sədri seçilib, ötən ilin aprelin 25-də vəzifəsini tərk edərək siyasətdən getdiyini bildirib.

Şərhlər

Rr 2026-01-13 05:30:23

DYP emelli bazardi (((((

Zaur 2026-01-12 16:16:32

Halal olsun Gürcustana. Azerbaycanda ne vaxt olacaq. bu haqq edalet? Xalqin malini servetini sümürenlerin Allah özü cezasini versin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol