Qrenlandiyanın Baş naziri Yens-Frederik Nielsen ABŞ Prezidenti Donald Trampın adanı satın almaq və ya nəzarətə götürmək niyyəti ilə bağlı gündəmdən düşməyən iddialara münasibət bildirib.
Baş nazir qeyd edib ki, Qrenlandiya suverenliyinə dair hər hansı müzakirə qəbuledilməzdir və adanın müdafiəsi NATO mexanizmləri çərçivəsində həyata keçirilməlidir.
Nielsen vurğulayıb ki, Qrenlandiya Danimarka Krallığının tərkibində muxtar bir bölgə olaraq NATO üzvüdür və təhlükəsizlik məsələlərində alyansın kollektiv müdafiə prinsiplərinə güvənir. Onun sözlərinə görə, ABŞ daxil olmaqla bütün NATO ölkələrinin Arktika regionunda sabitliyin qorunmasında ortaq maraqları mövcuddur.
“Biz qərarlarını müstəqil şəkildə verən demokratik bir cəmiyyətik. Qrenlandiya ilə bağlı bütün qərarlar beynəlxalq hüquq çərçivəsində və xalqın iradəsinə uyğun qəbul olunur”, – deyə Baş nazir bildirib.
Qrenlandiya hökumətinin rəhbəri əlavə edib ki, bölgənin strateji əhəmiyyəti və mineral ehtiyatları heç bir xarici dövlət üçün ərazi iddialarına əsas yarada bilməz. Onun sözlərinə görə, rəsmi Nuuk Arktika təhlükəsizliyi məsələlərinin birtərəfli deyil, çoxtərəfli əməkdaşlıq yolu ilə həll edilməsinin tərəfdarıdır.
"AzPolitika.info"


Şərhlər