Menu

İran “Starlink ovuna” çıxıb - Tehran Moskvanın yolunu gedir

13.01.2026, 17:53
İran “Starlink ovuna” çıxıb - Tehran Moskvanın yolunu gedir

Məlum olduğu kimi, İran hakimiyyəti etirazçıların hərəkətlərini əlaqələndirməsinin və onlara qarşı zorakılığın işıqlandırılmasının qarşısını almaq üçün ölkədə interneti bloklayıb. Lakin İlon Maskın “SpaceX” peyk internet xidməti olan “Starlink” qismən fəaliyyətini saxlayır. İndi rejim onu da sıradan çıxarmağa çalışır.

“AzPolitika” xəbər verir ki, “Reuters”-in məlumatına görə, “Starlink” hələlik müəyyən fasilələrlə də olsa, İranda işləyir. Ölkənin qərb sərhədlərinə yaxın hissəsində onun fəaliyyəti daha geniş yayılıb. Agentlik qeyd edir ki, bu ərazilərdə internet “qeyri-sabitdir, amma hələ də işləyir".

Medianın məlumatına görə, hakimiyyət “Starlink”-i hədəfə almağa başlayıb. Ötən həftə sonu hakimiyyət orqanları Tehranın qərbində “Starlink” terminallarını axtarmağa və müsadirə etməyə başlayıblar. Ən ciddi pozuntular Tehranın etirazların keçirildiyi ərazilərində, eləcə də axşamlar, nümayişçilərin küçələrə çıxdığı vaxtlarda müşahidə olunur.

“Starlink”-in İranda fəaliyyət göstərmək üçün lisenziyası yoxdur, lakin Mask əvvəllər bu xidmətin orada fəaliyyət göstərdiyini bildirmişdi. 2022-ci ilin dekabrında o, X-də İrandakı terminalların sayının 100-ə yaxınlaşdığını yazmışdı. 2025-ci ilin iyun ayında İran və İsrail arasında baş verən 12 günlük müharibədən sonra İran parlamenti “Starlink”-ə qadağa qoydu və pozuntulara görə cəzalar tətbiq etdi. Buna baxmayaraq, İranda on minlərlə “Starlink” cihazının fəaliyyət göstərdiyi bildirilir. Lakin ötən həftənin sonlarından həmin aparatlarla peyk əlaqələrində kəsilmələr başlayıb. Nəticədə “Starlink” trafikinin təxminən 30%-i kəsilib və bir neçə saat ərzində bu rəqəm "80%-ə yüksəlib.

8 yanvarda hakimiyyət orqanları ölkədə interneti demək olar ki, tamamilə bağlayıb və peyk əlaqələrinə də təsir etməyə başlayıb.

“Starlink”-i pozmağın yolu GPS siqnallarını sıxışdırmaqdır ki, bunu da hazırda İran hakimiyyəti edir. Bu, “Starlink” terminallarının öz yerlərini müəyyən etməsinə və ya onların üzərindəki peykləri aşkar etməsinə mane olur.

Bu işdə İrana son aylarda təqdim edilmiş Rusiya elektron müharibə sistemləri kömək edir. Peyk siqnallarına maneə törədilməsi Rusiyanın "Starlink” ilə texnoloji yarışı kimi təsvir edilir.

Hazırda təxminən 90 milyon sakini internetdən məhrum etməyə çalışan İran hakimiyyəti müttəfiqi Rusiya ilə eyni şəkildə hərəkət edir. Hökumət qurumlarını, dövlət media orqanlarını və rejimə sadiq nəşrləri əhatə edən "ağ siyahı"dakı veb saytlar bloklanmadan azaddır.

Bu arada ABŞ Prezidenti Donald Tramp “Starlink”-in adını çəkmədən Maskla İranda internetin bərpası məsələsini müzakirə etməyi planlaşdırdığını açıqlayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol