Menu

Tramp yenə Zelenskini günahlandırır – “Putin sövdələşməyə hazırdır, Ukrayna isə...”

15.01.2026, 12:05
Tramp yenə Zelenskini günahlandırır – “Putin sövdələşməyə hazırdır, Ukrayna isə...”

ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskinin Ukraynadakı müharibənin bitməsinə mane olduğunu iddia edib. "Düşünürəm ki, o (Vladimir Putin) sövdələşməyə hazırdır. Düşünürəm ki, Ukrayna razılaşmaya daha az hazırdır", - deyə Tramp “Reuters” agentliyinə verdiyi müsahibədə bildirib.

Zelenskinin danışıqlar prosesini niyə ləngitdiyi soruşulduqda, Ağ Ev rəhbəri "Sadəcə düşünürəm ki, o, istədiyinə çatmaqda çətinlik çəkir" cavabını verib.

Tramp gələn həftə Davos İqtisadi Forumunda Ukrayna Prezidenti ilə görüşə biləcəyinə işarə edib. Lakin bununla bağlı konkret planının olmadığını bildirib. Tramp həmçinin kürəkəni Cared Kuşnerin və xüsusi elçi Stiv Uitkoffun yanvar ayında Moskvaya mümkün səfərindən xəbərsiz olduğunu deyib.

Qeyd edək ki, bundan əvvəl “Bloomberg” Kuşnerlə Uitkoffun Putinə Zelenski ilə razılaşdırılmış sülh planının son versiyasını təqdim edəcəklərini yazmışdı. Agentliyin mənbələrindən biri qeyd edib ki, Amerika nümayəndələrinin Rusiya paytaxtına səfərinin tarixi hələ müəyyən edilməyib, çünki Putinin yeni danışıqlarda "nə dərəcədə maraqlı olduğu" bəlli deyil.

2025-ci ilin yanvar ayında Ağ Evə qayıtdıqdan sonra Tramp dəfələrlə həm Ukraynanı, həm də Rusiyanı danışıqları uzatmaqda günahlandırıb. Lakin 12 yanvarda artıq həll yolunda irəliləyiş olduğunu bildirib.

Zelenski dekabrın sonlarında Trampla görüşüb. Ukrayna lideri sülh planının 90%-nin tamamlandığını bildirib. Lakin onun sözlərinə görə, ərazi məsələsi ən çətin məqam olaraq qalır. Moskva Kiyevdən Donbası tamamilə təslim etməsini tələb edir ki, bu da Ukrayna tərəfi üçün qəbuledilməzdir.

Vaşinqtonun təklif etdiyi mümkün həll yollarından biri Donbasda silahsızlaşdırılmış zonanın yaradılmasıdır. Lakin Zelenskinin dediyi kimi, bunun baş verməsi üçün ən azı 60 gün atəşkəs elan edilməli və bu məsələ ilə bağlı referendum keçirməlidir. Ancaq Moskva bununla razılaşmır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol