Bu gün Kiyev məhkəməsi Ukraynanın sabiq Baş naziri, müxalifətdə olan “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenkoya qarşı qətimkan tədbiri seçib.
Məhkəmənin qərarına əsasən, Timoşenko 33 milyon qrivna (təxminən 760 min ABŞ dolları) məbləğində girov qarşılığında azadlıqda qalacaq. Bununla yanaşı, ona Kiyev vilayətinin ərazisini tərk etmək qadağan olunub. Həmçinin, Ukrayna parlamentinin bir neçə onlarla deputatı ilə əlaqə saxlaması məhdudlaşdırılıb.
Ukraynanın Milli Antikorrupsiya Bürosu Yuliya Timoşenkonu mühüm səsvermələr ərəfəsində hakim çoxluğun nümayəndələrini rüşvətlə ələ almağa cəhd göstərməkdə ittiham edir. Sabiq baş nazir isə irəli sürülən ittihamları qəbul etmir.
Qeyd edək ki, Ukraynanın keçmiş Baş naziri Yuliya Timoşenkonun “Batkivşçina” partiyasının ofisində axtarış aparılıb. Ofisdən iş telefonları, parlament sənədləri və şəxsi vəsaitlər götürülüb.
Keçmiş Baş nazir bu hadisələri “siyasi sifariş” adlandırıb və ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.
Timoşenko qeyd edib ki, ofisdə 30-dan çox silahlı şəxs olub və onlar heç bir prosessual sənəd təqdim etməyiblər.
Xatırladaq ki, bundan əvvəl Ukraynanın Milli Anti-Korrupsiya Bürosu (NABU) və Prokurorluq (SAP) Ali Radada bir fraksiyanın rəhbərinin deputatlara müəyyən qanun layihələrinin lehinə və əksinə səs vermələri üçün pul təklif etməsi faktını üzə çıxardıqlarını açıqlamışdılar.
“AzPolitika.info”


Şərhlər