Menu

Ceyhun Bayramov Marko Rubio ilə telefon danışığı aparıb - Nə müzakirə edilib?

19.01.2026, 21:03
Ceyhun Bayramov Marko Rubio ilə  telefon danışığı aparıb - Nə müzakirə edilib?

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 19-da ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.

Bu barədə Azərbaycan Xarici işlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Azərbaycanla ABŞ arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional vəziyyət və Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə edilib.

Qeyd olunub ki, 8 avqust Vaşinqton Sülh Sammitindən sonra Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması istiqamətində ikitərəfli təmaslar və müzakirələr yüksək qiymətləndirilib və tərəflər layihənin qısa müddət ərzində razılaşdırılaraq imzalanacağına ümidvar olduqlarını bildiriblər. Bu istiqamətdə müəyyən ediləcək prioritetlərin iki ölkə arasında münasibətlərə əlavə təkan verəcəyi vurğulanıb.

C.Bayramov, öz növbəsində, Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi üzrə perspektivlər barədə ölkəsinin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb. Azərbaycanla Ermənistan arasında normallaşma prosesi çərçivəsində atılan addımlar, etimad quruculuğu tədbirləri təqdir olunub. "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun" (TRIPP) icrası üzrə görülən işlərin əhəmiyyəti vurğulanıb.

Nazirlər, bununla yanaşı, digər məsələlər barədə də fikir mübadiləsi aparıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol