Ötən gecə Rusiya Ukraynaya qarşı növbəti enerji terrorunu həyata keçirib. Xüsusilə paytaxt Kiyevə ballistik raketlər və PUA-larla kütləvi hücum olub.
“AzPolitika” xəbər verir ki, Kiyev meri Vitali Kliçkonun yayımladığı məlumata görə, paytaxta hücum nəticəsində 5635 çoxmərtəbəli bina elektriksiz və istiliksiz qalıb. Onun sözlərinə görə, bu binalar 9 yanvarda baş verən əvvəlki hücumdan sonra da istiliksiz qalmışdı. Lakin onların 80 faizində istilik bərpa olunmuşdu. Növbəti hücumla sözügedən minlərlə yaşayış binası yenə qışın ortasında istiliksiz, işıqsız, hətta susuz qalıb.
Bundan əlavə, bugünkü hücum nəticəsində şəhərin Dneprin sol sahilindəki hissəsi bütünlüklə elektriksiz və susuzdur. Həmçinin, raket və PUA qalıqlarının düşməsi nəticəsində xeyli yaralananlar var. 20-dən çox şəxsi avtomobil də ziyan görüb. Kliçkonun verdiyi məlumata görə, düşmən hücumu nəticəsində paytaxtın sol sahilində elektrik və su təchizatı tamamilə kəsilib.
Beləliklə, cəbhədə heç bir ciddi uğur qazana bilməyən Rusiya bütün dünya birliyini gözü qarşısında soyuq qışın ortasında Putinin “qardaş xalq“ adlandırdığı dinc Ukrayna əhalisinə qarşı terroru davam etdirir. Donald Tramp isə buna baxmayaraq, “Putinin sülh istədiyinə” inanır və Zelenskini günahkar çıxarmaqda davam edir…
“AzPolitika.info”


Şərhlər