Menu

Azərbaycanda güclü palçıq vulkanı püskürdü - FOTOLAR

03.02.2026, 15:32
Azərbaycanda güclü palçıq vulkanı püskürdü - FOTOLAR

Qobustan geoloji rayonunda yerləşən və aktivliyi ilə tanınan Durandağ palçıq vulkanı növbəti dəfə oyanaraq güclü püskürmə nümayiş etdirib. Təxminən 15 dəqiqə davam edən aktiv faza zamanı yüzlərlə metr hündürlüyə qalxan alov sütunu müşahidə olunub, yer səthinə böyük həcmdə palçıq breksiyası xaric edilib.

Bu barədə  AMEA-dan məlumat verilib.

Hadisə yerində püskürmənin miqyasını qiymətləndirmək məqsədilə Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun "Palçıq vulkanizmi” şöbəsinin əməkdaşları – baş elmi işçi, Yer elmləri üzrə elmlər doktoru, dosent Orxan Abbasov, elmi işçi Elnur Baloğlanov, həmçinin mühəndislər Elmar Səmədov və Orxan Mehdiyev tədqiqatlar aparıblar. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının da iştirak etdiyi monitorinqlər zamanı müəyyən olunub ki, püskürmənin aktiv fazası qısa olsa da, vulkanın püskürmə mərkəzində intensiv alovlanma prosesi davam etməkdədir. Alovlanma nəticəsində vulkan strukturunun şərq yamacında və ətraf bitki örtüyü ərazisində geniş yanğın sahəsi yaranıb.

Tədqiqatın ilkin nəticələrinə əsasən müəyyən olunub ki, yer səthinə atılan palçığın orta qalınlığı təxminən 0,9 metr, ümumi yayılma sahəsi isə 14 hektar təşkil edir. Püskürmə zamanı xaric olunan palçığın ümumi həcmi 126 000 kubmetr həcmində qiymətləndirilir. Püskürmə hadisəsi vulkan sahəsində güclü dağıdıcı təsirlərlə müşayiət olunub, palçıq axını zonasının şimal və cənub kənarlarında kilometrlərlə ölçülən çoxsaylı radial çatlar formalaşıb.

Bu hadisə Durandağ vulkanının 7-ci paroksizmi (püskürməsi) olaraq qeydə alınıb. Vulkanın əvvəlki püskürmələri 1960, 1968, 1986, 2001, 2004 və 2016-cı illərdə baş verib.

Hazırda Durandağ palçıq vulkanında elmi araşdırmalar davam etdirilməklə, püskürmə nəticəsində yer səthinə çıxarılan süxur nümunələrinin laborator şəraitdə analitik tədqiqatları aparılır.

Şərhlər

Rafiq 2026-02-03 15:16:26

Belə qızıldan dəyərli kadrı Zakir Fərəcov ölsə də işsiz qoymaz. Samir Bədəlov bütün xasiyyəti və davranışları ilə Zakir Fərəcovun bir növ simasıdır. Hələ az edib. Gərək onu özünə müavin qoymarla Sumqayıtın sərhədlərini aşaraq bütün ölkə insanlarının qəlbinə dağ çəkərdi. Olsun ki, ağlına gəlməyib ..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol