ABŞ-də azyaşlı qızlara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi qurmaq ittihamı ilə həbs olunarkən həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynlə bağlı açıqlanan yeni sənədlər diqqətçəkən məqamları üzə çıxarıb.
Sənədlərdə Epşteyn ilə Ariane de Rotşild imzasından istifadə edən şəxs arasında 31 dekabr 2018-ci il tarixli e-poçt yazışmaları yer alır. Yazışmalarda Adolf Hitlerlə bağlı iddialar müzakirə olunur.
E-poçtlara görə, Epşteyn Adolf Hitlerin çox yoxsul olduğu dövrdə Quttman, Epştein və Rotşild ailələri tərəfindən maliyyələşdirilən, evsiz və ehtiyacı olan insanların qaldığı bir sığınacaqda yaşadığını iddia edib. Ariane de Rotşild adından yazan şəxs isə cavabında bunu “səxavətin mükafatlandırılmaması” kimi qiymətləndirib.
Epşteyn isə iddiasının “yüz faiz doğru” olduğunu bildirərək, Hitlerin geyimlərini və sənət əsərlərini satdığını, əsasən yəhudi ailələri – o cümlədən Quttman, Epştein və Rotşild ailələri tərəfindən maliyyələşdirilən bir sığınacaqda qaldığını təkrar edib. O, bunun komplo nəzəriyyəsi olmadığını vurğulayaraq, Epstein ailəsinin Vyanada bankirlik fəaliyyəti göstərdiyini də qeyd edib.
Ariane de Rotşild adından yazan şəxs isə bu məlumatlardan xəbərdar olduğunu bildirərək, zaman-zaman “Rotşild ailəsinin daha çox güc qazanmaq məqsədilə Hitleri kütləvi məhvetmə siyasətində dəstəklədiyi və bunu planlaşdırdığı” barədə iddiaların irəli sürüldüyünü də yazıb.
"AzPolitika.info"


Şərhlər