Menu

"Ukrayna danışıqlarında açıq qalan məsələlərin sayı azalıb..." - "Ən çətin suallar hələ həll olunmayıb"

05.02.2026, 00:27
"Ukrayna danışıqlarında açıq qalan məsələlərin sayı azalıb..." - "Ən çətin suallar hələ həll olunmayıb"

Rusiya ilə Ukrayna arasında münaqişənin nizamlanması çərçivəsində açıq qalan məsələlərin siyahısı xeyli qısalıb, lakin ən çətin problemlər hələ də öz həllini tapmayıb."AzPolitika" Qərb mediasına istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bəyan edib.

Rubionun sözlərinə görə, Vaşinqton danışıqlar prosesində real irəliləyiş əldə olunduğunu hesab edir. O qeyd edib ki, ötən ilin bu dövrü ilə müqayisədə Rusiya–Ukrayna arasında regional sülh sazişi kontekstində açıq qalan məsələlərin sayı əhəmiyyətli dərəcədə azalıb.

“Bu, yaxşı xəbərdir. Pis xəbər isə ondan ibarətdir ki, ən çətin məsələlər hələ də qalmaqdadır və müharibə davam edir”, – deyə ABŞ dövlət katibi vurğulayıb.

Marko Rubio ABŞ-ın danışıqlar prosesinə sadiqliyini qoruyacağını bildirib. Onun sözlərinə görə, Ukrayna böhranında real irəliləyiş məhz vəziyyətin tam çıxılmaz göründüyü bir anda baş verə bilər.

“Silahlı münaqişələrin dayandırılması zamanı çox vaxt hər şey ümid­siz görünür. Lakin gözlənilmədən bir dönüş nöqtəsi yarana bilər. Qəzzada da məhz belə olmuşdu”, – deyə Rubio əlavə edib.

Qeyd edək ki, fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə növbəti danışıqlar raundu başlayıb. Təxminən beş saat davam edən görüş qapalı formatda keçirilib və tərəflər danışıqları fevralın 5-də davam etdirmək barədə razılığa gəliblər.

Danışıqlarda Rusiya nümayəndə heyətinə Baş Qərargahın Baş İdarəsinin rəisi İqor Kostyukov rəhbərlik edir. Ukrayna tərəfini Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və Prezident Ofisinin rəhbəri Kirill Budanov təmsil edir. ABŞ-dan isə prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın müşaviri, kürəkəni Cared Kuşner iştirak edir.

Məlumata görə, müzakirələrin əsas mövzularından biri ərazi məsələsidir. Rusiya prezidenti Vladimir Putin Donbası Rusiyanın “tarixi ərazisi” adlandıraraq onun hərbi və ya digər yollarla geri qaytarılacağını bəyan edib. Kiyev isə bu ərazilərlə bağlı iddialarından imtina etməyəcəyini açıq şəkildə bildirir.

Xatırladaq ki, Marko Rubio daha əvvəl sülh planının hazırlanması çərçivəsində ərazi məsələsinin hələ də yeganə həll olunmamış problem olaraq qaldığını demişdi. Ukrayna prezidenti Volodimir Zelenski isə bu mövzunun yalnız Putinlə şəxsi görüş zamanı müzakirə oluna biləcəyini bəyan edib.

Rasim

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol