Avropa İttifaqı Ukraynaya 2026–2027-ci illəri əhatə edən 90 milyard avroluq kredit mexanizmini təsdiqləyib. Məlumat Aİ-nin rəsmi mənbələrində yer alıb.
Qərara əsasən, ayrılacaq vəsaitin 60 milyard avrosu hərbi ehtiyaclara, 30 milyard avrosu isə Ukraynanın dövlət büdcə xərclərinin qarşılanmasına yönəldiləcək. Kredit faizsiz olacaq və faiz xərcləri birbaşa Avropa İttifaqının üzərinə düşəcək. Ukraynanın borcu isə yalnız Rusiyanın mümkün təzminat ödənişlərindən sonra geri qaytarılması nəzərdə tutulur.
Maliyyələşdirmə mexanizmində Macarıstan, Slovakiya və Çexiya iştirakdan imtina edib, digər 24 Aİ üzvü isə proqramı dəstəkləyib. İlk tranşın Kiyevə 2026-cı ilin ikinci rübünün əvvəlində ayrılması planlaşdırılır.
Qeyd olunur ki, faizsiz kredit mexanizmi ilə bağlı siyasi razılaşma 2025-ci ilin dekabrında Aİ liderləri səviyyəsində əldə edilib. Həmin vaxt dondurulmuş Rusiya aktivlərindən istifadə ideyası qəbul edilməyib və vəsaitin Aİ büdcəsi hesabına borclanma yolu ilə təmin olunması qərara alınıb.
Bu paket Ukrayna üçün Avropa İttifaqının indiyədək həyata keçirdiyi ən iri birgə hərbi-maliyyə dəstəyi proqramı hesab olunur. İndiyədək yardım əsasən ikitərəfli razılaşmalar və ya qeyri-hərbi fondlar vasitəsilə təqdim edilirdi. Saziş hazırda Avropa Parlamentində yekun təsdiq mərhələsindədir və yaxın həftələrdə rəsmiləşdirilməsi gözlənilir.
"AzPolitika.info"


Şərhlər