Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya ordusu gecə saatlarında paytaxta və iri şəhərlərə 24 ədəd “İskəndər” tipli ballistik raket və 200-dən çox pilotsuz uçuş aparatları (dron) atıb. Hərbiçilərin bildirdiyinə görə, 15 raket və təxminən 200 dron zərərsizləşdirilib.
“Əsas hücum istiqamətləri: Kiyev, Xarkov, Dnipro və Odessa”, – deyə məlumatda bildirilib.
Kiyev meri Vitali Kliçko gecə saatlarında yazıb ki, Rusiya hərbçiləri şəhərin infrastrukturuna ballistik raketlərlə zərbə endirir. Daha sonra o bildirib ki, Darnitski rayonda şəxsi evə, Holosiyivski və Desnyanski rayonlarda isə qeyri-yaşayış obyektlərinə zərbə dəyib. Dniprovski rayonda isə yaşayış evinin yaxınlığında raket qalıqları düşüb.
Merin sözlərinə görə, şəhərdə iki nəfər yaralanıb, onlardan biri ağır vəziyyətdədir. Şəhərdə istilik təminatında fasilələr yenidən başlayıb. Məlumata görə, 2500-dən çox çoxmənzilli evdə istilik təminatı kəsilib.
Dnepropetrovsk vilayəti hərbi administrasiyasının rəhbəri Aleksandr Ganşa bildirib ki, Rusiya Dnipro və Dnepropetrovsk rayonuna raket və dronlarla genişmiqyaslı hücum edib. Dniprodə dörd nəfər yaralanıb, onlardan biri hələ bir aylıq yeni doğulmuş uşaqdır. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Dniproda infrastruktur obyektləri, şəxsi evlər və avtomobillər zədələnib; Sinelnikovski rayonda isə infrastruktur və uşaq bağçasına zərər dəyib.
Odessa vilayəti hərbi administrasiyasının rəhbəri Oleg Kiper bildirib ki, Odessa rayonunda mülki və enerji infrastrukturu zədələnib.Çoxmərtəbəli binanın fasadı və damı dağılıb. Bazar və supermarket ərazisində yanğınlar baş verib. Yaxınlıqdakı evlərin şüşələri sındırılıb, 15 şəxsi avtomobil yanıb. İlkin məlumata görə, bir nəfər yaralanıb. 12 fevral səhərə qədər təxminən 300 min Odessa sakini elektriksiz qalıb.
Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiga bildirib ki, zərbələr enerji obyektlərinə endirilib və Rusiyanı “terror” aktında günahlandırıb. O həmçinin Beynəlxalq Olimpiya Komitəsini Ukrayna idmançılarının forması ilə bağlı tənqid edib, bu addımı Avropada və İkinci Dünya Müharibəsindən sonra ən böyük aqressiv müharibə fonunda “uyğunsuz” adlandırıb.
Sibiga partnyorları Rusiyaya qarşı təzyiqi artırmağa çağırıb. Rusiya hərbçiləri hələki bu hücumlara münasibət bildirməyib.
“AzPolitika.info”


Şərhlər