Ukrayna ordusu Rusiyanın Belqorod şəhərinə raket zərbəsi endirib.
“AzPolitika” bildirir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.
Onun sözlərinə görə, son məlumatlara əsasən, hücum nəticəsində iki nəfər həlak olub, üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Qladkov bildirib ki, iki kişi şəhərdə yerləşən infrastruktur obyektlərindən birinin ərazisinin atəşə tutulması nəticəsində həyatını itirib. Yaralanan şəxslər xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.
Qubernator qeyd edib ki, atəş nəticəsində enerji infrastrukturuna ciddi ziyan dəyib. Elektrik enerjisi, istilik və su təchizatında fasilələr yaranıb. Üç çoxmənzilli yaşayış binasında pəncərələr sınıb, fasadlara zərər dəyib. Həmçinin, dayanacaqda olan avtomobillər də zədələnib.
Belqorodda fəaliyyət göstərən “Pepl” nəşri isə yazır ki, zərbə istilik-elektrik mərkəzinə (TƏC) endirilib. Məlumatda həmçinin qeyd olunur ki, hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan raketin qalıqları yaşayış binasının damına düşüb.
Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən əlavə araşdırma aparıldığı bildirilir. Ukrayna tərəfi isə məsələ ilə bağlı hələlik açıqlama verməyib.
“AzPolitika.info”


Şərhlər