Fevralın 14-nə keçən gecə Rusiya Ukrayna ərazisinə 112 pilotsuz uçuş aparatı və bir ədəd “İsgəndər” ballistik raketi buraxıb.
“AzPolitika” bildirir ki, Bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.
Məlumata görə, 91 dronun vurulduğu və ya radioelektron vasitələrlə zərərsizləşdirildiyi bildirilir. 11 müxtəlif nöqtədə isə hədəflərə düşmə qeydə alınıb. Gecə hücumunun əsas hədəfləri Kiyev və Kiyev vilayəti, Odessa və Çerniqov vilayəti olub.
Rusiya tərəfi zərbələrlə bağlı hələlik rəsmi açıqlama verməyib. Döyüş şəraitində tərəflərin iddialarını müstəqil şəkildə təsdiqləmək çətindir.
“Настоящее Время” nəşrinin məlumatına görə, müxtəlif regionlarda Rusiya hücumları nəticəsində azı 4 nəfər həlak olub.
Zaporojye vilayətində atəş nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Bu barədə vilayətin hərbi administrasiyasının rəhbəri İvan Fedorov məlumat verib. Bildirilir ki, fərdi yaşayış evləri, avtomobillər və infrastruktur obyektlərinə ziyan dəyib.
Odessada dron zərbəsi nəticəsində bir mərtəbəli yaşayış evinin damı zədələnib və yanğın baş verib. Vilayət hərbi administrasiyasının rəhbəri Oleg Kiper hücum nəticəsində bir qadının həlak olduğunu açıqlayıb.
Kiyev vilayətinin Vışqorod rayonunda iki nəfər xəsarət alıb. Bu barədə vilayət administrasiyasının rəhbəri Nikolay Kalaşnik məlumat verib.
Sumı vilayətində də hücumlar nəticəsində bir qadın ölüb, daha üç nəfər yaralanıb. Xerson vilayətində isə son sutkada bir nəfər həlak olub, dörd nəfər xəsarət alıb. Bu barədə vilayət rəhbəri Aleksandr Prokudin teleqram kanalında yazıb.
Çerniqov vilayətində Novqorod-Seversk rayon dövlət administrasiyasının binasının demək olar ki, tamamilə dağıdıldığı bildirilib.
Nikolayev şəhərində hücumlar nəticəsində istilik-elektrik mərkəzinin fəaliyyəti dayanıb. “Nikolayevvodokanal” və “Nikolayevoblteploenergo” müəssisələri qismən generatorlarla işləməyə keçib. Bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Vitaliy Kim məlumat verib.
Kiyev meri Vitali Kliçko isə paytaxtda 400 binaya istilik verilişinin bərpa edildiyini açıqlayıb. Onun sözlərinə görə, fevralın 12-də infrastruktur obyektlərinə hücum nəticəsində 2600 yaşayış binası istiliksiz qalmışdı və hazırda digər binalarda da təchizatın bərpası istiqamətində işlər davam edir.
“Conflict Intelligence Team” təşkilatının hesablamalarına görə, 2025-ci il 2022-ci ildən sonra Ukraynada müharibə dövründə mülki əhali üçün ən ölümcül il olub. Məlumata əsasən, cəbhə xəttinin hər iki tərəfində azı 2919 mülki şəxs (o cümlədən 96 uşaq) həlak olub. Onlardan 2 mindən çoxu Ukraynanın nəzarətində olan ərazilərdədir.
Bundan əlavə, 17 775 nəfər (o cümlədən 1000 uşaq) yaralanıb. 2024-cü illə müqayisədə ölənlərin sayı 12%, yaralananların sayı isə 25%-dən çox artıb.
“AzPolitika.info”


Şərhlər