Əhalinin yaşayış xərclərinə görə Azərbaycan dünya reytinqində aşağı pillələrdə qərarlaşıb.
Belə ki, “Numbeo” platformasının hazırladığı “2026-cı ildə ölkələrə görə yaşayış xərcləri indeksi” hesabatına əsasən, Azərbaycan 155 ölkə arasında 122-ci yerdə qərarlaşıb. Reytinq Nyu-York şəhəri ilə müqayisə əsasında tərtib olunur və bu şəhərin indeksi 100 vahid kimi qəbul edilir. Azərbaycanda yaşayış xərcləri indeksi 30,7 təşkil edib. Bu isə ölkədə xərclərin Nyu-Yorkla müqayisədə təxminən üç dəfə daha aşağı olduğunu göstərir.
Hesabata görə, dünyada yaşayış xərcləri Nyu-Yorkdan daha yüksək olan cəmi beş ölkə var. Bunlar Bermud adaları, Kayman adaları, Virgin adaları, İsveçrə və Solomon adalarıdır.
Ən aşağı yaşayış xərcləri isə Liviya, Hindistan, Pakistan, Əfqanıstan və Misirdə qeydə alınıb.
Keçmiş SSRİ ölkələri və region dövlətləri arasında ən yüksək göstərici Estoniyada (59,7) qeydə alınıb.
Sonrakı yerlərdə Latviya (52,3), Litva (51,2), Ermənistan (40,9), Türkiyə (39,2), Rusiya (36,5), Moldova (35,8) və Gürcüstan (33,1) qərarlaşıb. Azərbaycan (30,7) Belarus (30,5) və Qazaxıstanı (29,8) qabaqlayır. Siyahının sonrakı pillələrində Ukrayna (28,2), Tacikistan (27,9), Özbəkistan (27,3), Qırğızıstan (27,3) və İran (22,8) yer alıb.
"AzPolitika.info"


Şərhlər