Ukrayna hərbçiləri Kupyansk istiqamətində döyüşləri davam etdirir. Hərbi analitiklərin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri şəhərin mərkəzi hissəsində irəliləyib. Bildirilir ki, ötən gün üç rus hərbçisi mühasirəyə düşərək əsir götürülüb.
Ekspertlər eyni zamanda Rusiya qoşunlarının “Kupyansk-Uzlovoy” dəmir yolu stansiyası istiqamətində hücuma hazırlaşdığını qeyd edirlər.
Ukraynalı hərbi müxbirlərə danışan 116-cı briqadanın dron operatoru, çağırış adı “Kot” olan ukraynalı hərbçi növbəti döyüş tapşırığına hazırlaşdığını deyib. O bildirib ki, əvvəllər Avropanın müxtəlif restoranlarında aşpaz işləyib, lakin indi Kupyansk istiqamətində dronları döyüş növbəsinə hazırlayır.
“Rus hərbçilərinin sayı artıb ya azalıb demək çətindir. Onlar necə gəlirdilərsə, indi də gəlirlər. Bura şəhərdir, digər yaşayış məntəqələri ilə müqayisədə kifayət qədər böyükdür. Üstəlik, Kupyansk yüksəklikdə yerləşir”, – deyə o bildirib.
Rusiya Baş Qərargahı son aylarda bir neçə dəfə Kupyanskın ələ keçirildiyini bəyan edib. Moskva həmçinin iddia edir ki, “Starlink” terminallarının bloklanması rus ordusunun döyüş qabiliyyətinə təsir göstərməyib.
Rusiya hərbi rəhbərliyi açıqlamasında qeyd edib ki, silahlanmada olan rabitə və idarəetmə sistemləri qapalı kanallar vasitəsilə sabit informasiya mübadiləsini təmin edir və Starlink-in iki həftə əvvəl söndürülməsi pilotsuz sistemlərin effektivliyinə təsir göstərməyib.
Buna cavab olaraq Ukraynanın Cənub Müdafiə Qüvvələrinin sözçüsü bildirib ki, “Starlink”in söndürülməsi Zaporojye istiqamətində kamikadze dron zərbələrinin sayını azaldıb.
Eyni zamanda “The New York Times” nəşri ABŞ və Ukrayna kəşfiyyatındakı mənbələrə istinadən yazıb ki, terminalların bloklanmasından sonra Rusiya ordusunun şəxsi heyət itkiləri tammiqyaslı müharibənin başlanğıcından bəri ən yüksək səviyyəyə çatıb.
Rəsmi Kiyev bildirir ki, Kupyansk şəhəri Ukrayna Silahlı Qüvvələrinin nəzarətindədir. Şəhərdə 30-40 nəfər rus hərbçisinin qaldığı və onların zərərsizləşdirilməsi istiqamətində əməliyyatların davam etdiyi açıqlanıb.
Rusiya Baş Qərargahının rəhbəri Valeri Gerasimov isə Kupyansk yaxınlığındakı Kupyansk-Uzlovoy qəsəbəsində yerləşən dəmir yolu stansiyasının ələ keçirildiyini iddia edib.
Lakin Ukrayna ordusunun zabiti Roman Kovalyov Uzlovoydan paylaşdığı videolarda ərazinin Ukrayna qüvvələrinin nəzarətində olduğunu göstərib. O, sosial şəbəkədə yayımladığı görüntülərdə arxa fonda Kupyansk-Uzlovoyun göründüyünü deyərək Rusiya tərəfinin iddialarını təkzib edib.
Kovalyov həmçinin Rusiya 153-cü tank alayının bayrağını nümayiş etdirərək bildirib ki, həmin bölməyə Kupyansk-Uzlovoyu ələ keçirmək tapşırığı verilib, lakin diversiya-kəşfiyyat qrupu hədəfə çata bilməyib. Bir neçə gün sonra isə daha bir rus qrupu əsir götürülüb.
Ukraynalı hərbçilər bildirirlər ki, Rusiya ordusu Kupyansk istiqamətində kiçik piyada qrupları taktikası ilə təzyiqi davam etdirir. Onların sözlərinə görə, bu taktika müəyyən hallarda nəticə verir.
Şəhərdə təmizləmə əməliyyatları artıq bir aydan çoxdur davam edir. Qalan rus hərbçilərinə mütəmadi olaraq əlavə qüvvələrin çatdırılmasına cəhd göstərilir. Kupyansk-Uzlovoy yaxınlığında diversiya qruplarının bir hissəsi zərərsizləşdirilsə də, bəzi qrupların qonşu yaşayış məntəqəsinin kənarlarında möhkəmləndiyi bildirilir.
“Düşmən daha çox səylər göstərir. Dayanmaq niyyətində deyil. Müharibə başlayanda atam bunun illərlə davam edəcəyini deyirdi. İnanmaq istəmirdim, amma belə də oldu”, – deyə ukraynalı hərbçilərdən biri bildirib.
“AzPolitika.info”


Şərhlər