Serbiya Prezidenti Aleksandr Vuçiçə və ailəsinə qarşı növbəti sui-qəsd cəhdinin üstü açılıb.
“AzPolitika” xəbər verir ki, Serbiya polisi Prezidentə qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən iki kişini saxlayıb. Bu barədə Serbiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, şübhəlilər hüquq-mühafizə və xüsusi xidmət orqanlarının Kralevo şəhərində keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıblar. Onlar yerli sakinlər olan 51 və 43 yaşlı şəxslərdir. Bu şəxslər 2025-ci ilin dekabrı ilə 2026-cı ilin fevralı arasında Serbiya liderinə və ailəsinə sui-qəsd etməklə konstitusiya quruluşunu devirmək və hökuməti dəyişdirmək cəhdində şübhəli bilinirlər.
"Şübhəlilər 48 saata qədər saxlanılacaq və cinayət işi qaldırıldıqdan sonra Kralevodakı Ali Prokurorluğa gətiriləcəklər", - deyə bəyanatda bildirilir.
Bu, Vuçiçə qarşı ilk sui-qəsd cəhdi deyil. Buna qədər dəfələrlə Serbiya hüquq-mühafizə orqanları oxşar bəyanatlarla çıxış ediblər.
Hələ 2021-ci ilin fevralında Serbiya polisi, mafiyanın Vuçiçə qarşı sui-qəsd planı hazırladığını bildirmişdi. Polisin məlumatına görə, sui-qəsdin arxasında cinayətkar avtoritet Veljko Belivukun rəhbərlik etdiyi bir qrup dayanırdı. 2021-ci ilin mart ayında Daxili İşlər Nazirliyi Vuçiç və ailə üzvlərinin 1500 dəfədən çox qanunsuz olaraq dinlənildiyini açıqladı.
2022-ci ilin yanvar ayında daha bir mafiya lideri - Monteneqro vətəndaşı və narkotik klanının liderlərindən biri olan Radoje Zviçerin rəhbərlik etdiyi mütəşəkkil cinayətkar qrupun serb liderinə sui-qəsd planları barədə məlumat verilmişdi.
“AzPolitika.info”


Şərhlər