Böyük Britaniya Ukraynaya hərbi və humanitar dəstəyini artırdığını açıqlayıb. Rəsmi Londona görə, britaniyalı ixtisaslı hərbi cərrahlar, tibb bacıları və fizioterapevtlər Ukraynada ukraynalı həkimlərə mentorluq edir. Onlar mürəkkəb döyüş əməliyyatı cərrahiyyəsi aparan komandalarla birgə çalışaraq travma cərrahiyyəsi və müharibə xəsarətləri üzrə Böyük Britaniya təcrübəsini bölüşürlər.
Bundan başqa, ukraynalı pilotlar Böyük Britaniyada yerləşən hava bazasında helikopter uçuşu üzrə təlimatçı kimi hazırlanırlar. Bu, Britaniyanın Ukraynaya ilk dəfə rotor qanadlı təlimatçı hazırlığı təklif etməsi kimi qiymətləndirilir. Məzunlar gələcək ukraynalı hərbi pilotların hazırlanmasına töhfə verərək ölkənin müdafiə və qarşısınıalma qabiliyyətini gücləndirəcəklər.
Böyük Britaniyanın xarici işlər naziri Yvette Cooper bildirib ki, Rusiya Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində ukrayna kimliyini silməyə çalışır.
Nazir qeyd edib: “Rusiya təhsil sistemini dezinformasiya ilə doldurur, uşaqları deportasiya edir, onları ideoloji təsir altına salır, Ukrayna rənglərini nümayiş etdirdiklərinə görə günahsız mülki şəxsləri qanunsuz saxlayır. Bu, beynəlxalq hüquqa və insan haqlarına qarşı açıq etinasızlıqdır. Dörd il sonra Rusiya bu müharibəni bitirə bilər və bitirməlidir. Böyük Britaniya ədalətli və davamlı sülh əldə olunana qədər Ukraynanın yanında olacaq".
O həmçinin Ukrayna cəmiyyətinin dayanıqlığının gücləndirilməsi, eləcə də Rusiyanın iddia edilən hərbi cinayətlərinin qurbanları üçün ədalət və hesabatlılıq proseslərinin irəlilədilməsi məqsədilə 30 milyon funt sterlinq əlavə maliyyə dəstəyi elan edəcəyini bildirib.
Böyük Britaniyanın müdafiə naziri John Healey isə vurğulayıb ki, rəsmi London Ukraynanın yanında daha qətiyyətlə dayanmağa davam edəcək.
O bildirib: “Putin Ukraynanı suveren dövlət kimi xəritədən silmək məqsədilə müharibəyə başladıqdan dörd il sonra Böyük Britaniya daha qətiyyətlidir. Müttəfiqlərlə birlikdə hərbi yardımı artırır və Putinə təzyiqi gücləndiririk. O düşünürdü ki, bu müharibəni bir həftəyə qazanacaq, lakin Ukrayna xalqının iradəsini düzgün qiymətləndirmədi. 2026-cı ilin bu qəddar müharibənin başa çatdığı il olmasına çalışacağıq.”
Nazir həmçinin cəbhədə həyatını itirənləri, ailələrini və evlərindən didərgin düşmüş milyonlarla insanı yad etdiyini bildirib.
Qeyd edək ki, bu gün elan olunan yardım paketi bu ayın əvvəlində açıqlanan əlavə dəstəyi tamamlayır. Həmin paket çərçivəsində Ukraynanın Rusiyanın pilotsuz uçuş aparatları hücumlarından müdafiəsi üçün yarım milyard funt sterlinqlik hava hücumundan müdafiə sistemi və Belfastda istehsal olunan 1000 ədəd Yüngül Çoxməqsədli Raket (LMM) də nəzərdə tutulur.
"AzPolitika.info"


Şərhlər