Menu

Müharibəni bir aya bitirin” - Tramp Zelenskidən nə istəyib?

26.02.2026, 11:00
Müharibəni bir aya bitirin” - Tramp Zelenskidən nə istəyib?

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında Ukraynadakı müharibəni yaxın vaxtlarda başa çatdırmaq istədiyini bildirib və yay aylarınadək sülh razılaşmasına nail olunacağına ümid etdiyini deyib.

“AzPolitika” bildirir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, telefon danışığı təxminən 30 dəqiqə davam edib və yanvarın sonunda Davosda keçirilən görüşdən sonra liderlər arasında ilk təmas olub. Tramp və Zelenski arasında söhbət dostluq və müsbət atmosferdə keçib. Zelenski ABŞ-nin dəstəyinə görə təşəkkür edib və bildirib ki, məhz Tramp Rusiyanın Prezidenti Vladimir Putini müharibəni dayandırmağa məcbur edə bilər.

Nəşr yazır ki, Zelenski müharibənin cari il ərzində başa çatacağına ümid etdiyini ifadə edib. Tramp isə cavabında müharibənin həddindən artıq uzun sürdüyünü vurğulayıb və “müharibənin bir ay ərzində bitməsini istərdim” deyib.

Tərəflər həmçinin Zelenski, Tramp və Putinin iştirakı ilə üçtərəfli sammitin keçirilməsi imkanını müzakirə ediblər. Tramp bildirib ki, martın əvvəlində ABŞ, Rusiya və Ukrayna nümayəndələri arasında planlaşdırılan danışıqlarda irəliləyiş olarsa, belə bir görüşün təşkilinə çalışacaq.

“Axios”əlavə edir ki, Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Cenevrəyə gələrək ABŞ nümayəndələri ilə danışıqlar apara bilər. TASS agentliyinin mənbəsinin bildirdiyinə görə, fevralın 26-na planlaşdırılan bu görüşlər əsasən iqtisadi məsələlərə həsr olunacaq.

Söhbətdən sonra Zelenski Ukrayna, ABŞ və Rusiya arasında martın əvvəlində üçtərəfli görüşün planlaşdırıldığını açıqlayıb. "Ümid edirik ki, bu, liderlər səviyyəsində danışıqlara keçməyə imkan verəcək. Prezident Tramp bu addımların ardıcıllığını dəstəkləyir", - deyə Ukrayna lideri qeyd edib.

Zelenski bir daha təkrar edib ki, yalnız Putinlə şəxsi görüş "bütün mürəkkəb və həssas məsələləri həll edə və nəhayət müharibəyə son qoya bilər".

Qeyd edək ki, Ukrayna, ABŞ və Rusiya arasında danışıqların növbəti raundu fevralın sonuna planlaşdırılırdı. Lakin Rusiyanın TASS dövlət xəbər agentliyi görüşün təxirə salındığını və yeni yer və vaxtın hələ müzakirə olunduğunu bildirib. Təxirə salınmanın səbəbi göstərilməyib. ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff isə dünən deyib ki, növbəti on gün ərzində yeni danışıqlar raundu baş tuta bilər.

Bu arada, Rusiyanın "Verstka" nəşri yazıb ki, Kreml üçtərəfli danışıqlar nəticəsində müharibənin bitəcəyini gözləmir və sentyabr ayında Dövlət Dumasına seçkiləri hərbi gündəm fonunda keçirməyə hazırlaşır.

C.Məmmədli

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol