Menu

Saleh Məmmədovun daha bir kadrının fəaliyyəti yoxlanılır? - "Ona Kür çayının sahilində villa tikib"

28.02.2026, 15:00
Saleh Məmmədovun daha bir kadrının fəaliyyəti yoxlanılır? - "Ona Kür çayının sahilində  villa tikib"

Xəbər verdiyimiz kimi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) aparılan yoxlamalar zamanı keçmiş sədr Saleh Məmmədovun və onun komandasının yüz milyonlarla manatlıq vəsaiti mənimsədiyi iddia olunur.

Qeyd edək ki, yoxlamalara Sahil Babayevin maliyyə naziri vəzifəsinə təyin olunmasından sonra başlanılıb.

Yoxlamaların nəticəsi olaraq Saleh Məmmədov tutduğu vəzifədən kənarlaşdırılıb. Onun və komandasındakı bir sıra şəxslərin məsuliyyətinə cəlb oluna biləcəyinə dair məlumtlar yayılıb. Hətta Saleh Məmmədovun bağ evində yol istismar idarələrinin rəisləri ilə toplantı keçirdiyi və onları bununla bağlı xəbərdar etdiyi də bildirilir. 

Bu arada yol istismar idarələrinin rəislərinin fəaliyyətləri ilə bağlı da mətbuatda məlumatlar yayılmağa başlayıb. 

"Gununsesi.info" saytının iddiasına görə fəaliyyəti yoxlanılan idarə rəislərindən biri də “5 saylı Magistral Yolların İstismarı” MMC-nin rəisi Arif Abbasovdur.

Saytın məlumatına görə, adıçəkilən idarədə 40 nəfərdən çox işçi ştatda görünsə də, onların çoxunun əmək haqqı kartları özlərində olmayıb.

Həmçinin bildirilir ki, işçilərin bir qismi Saleh Məmmədovun Kür çayı sahilində yerləşən bağ evində, ona məxsus olduğu deyilən “Dəli Kür” restoranında, eləcə də Gəncədə oğlunun adına qeydiyyatda olan “Minlayıt” şirkətində çalışdırılıb.

Eyni zamanda idarənin texnikalarının böyük hissəsinin müxtəlif şirkətlərə icarəyə verildiyi iddia olunur.

İddialara görə, idarəyə məxsus “Ford” markalı asfalt təmiri maşını Gəncədə “Minlayıt” şirkətinin işlərini yerinə yetirməyə gedərkən yolda qəzaya uğrayaraq yararsız hala düşüb.

Sayta danışan mənbə iddia edib ki,  Kür çayının sahilində Baş nazirin birinci müavini Yaqub Eyyubov və Saleh Məmmədova məxsus villalar Arif Abbasov tərəfindən inşa edilib. Özünün də villasının onlarla qonşu olduğu bildirilir.

Məlumatda Arif Abbasovun böyük əmlak, 20-yə yaxın bahalı avtomobilə sahib olduğu bildirilir.

Qeyd olunan iddialarla bağlı Arif Abbasovun da mövqeyini işıqlandırmağa hazırıq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol