Martın 3-nə keçən gecə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində yerləşən ABŞ səfirliyi iki pilotsuz uçuş aparatı ilə hücuma məruz qalıb. Hücumun İran mənşəli PUA-lar tərəfindən həyata keçirildiyi ehtimal olunur.
Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi məlumatı təsdiqləyərək sosial şəbəkə X-də bildirib ki, insident nəticəsində səfirlik binasında “kiçik yanğın” baş verib və “əhəmiyyətsiz maddi ziyan” qeydə alınıb. Rəsmi məlumata görə, hücum zamanı binada heç kim olmayıb.
Bu hadisə ABŞ və İsrailin İrana qarşı başladığı hərbi əməliyyatın artıq dördüncü günündə baş verib. Tehran isə cavab olaraq ABŞ hərbi bazalarının yerləşdiyi region ölkələrinə zərbələr endirir.
Məlumata görə, İran zərbələri əsasən ABŞ hərbi infrastrukturunun mövcud olduğu dövlətləri hədəf alır. Bu siyahıya Küveyt, Qətər, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı daxildir.
Səhər saatlarında Küveytdəki ABŞ səfirliyi müvəqqəti bağlandığını elan edib. ABŞ Dövlət Departamenti isə Bəhreyn, İraq və İordaniyadən vacib olmayan personalın təxliyə edildiyini açıqlayıb. Rəsmi Vaşinqton Yaxın Şərqin bir sıra ölkələrində yaşayan ABŞ vətəndaşlarını mümkün qədər regionu tərk etməyə çağırıb. Məlumata görə, İranın hücum təhlükəsi ilə üzləşən ölkələr sırasında Misir də var.
“AzPolitika.info”


Şərhlər