Bu gün səhər saatlarında Ukraynanın Nikolayev vilayəti ərazisində Rusiyanın “Şahed” tipli pilotsuz uçuş aparatlarının hücumu nəticəsində nəqliyyat infrastrukturu obyekti zədələnib.
“AzPolitika” bildirir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Vitaliy Kim məlumat verib.
Onun sözlərinə görə, hücum nəticəsində yanğın baş verib. Bir nəfər yüngül xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Hazırda bütün aidiyyəti xidmətlər hadisə yerində çalışır.
Kim əlavə edib ki, hücumun nəticələrini demək olar real vaxt rejimində yayan bəzi sosial media səhifələrinin fəaliyyəti düşmənə yardım kimi qiymətləndirilir və bununla bağlı müvafiq tədbirlər görüləcək.
Hadisənin digər detalları açıqlanmayıb.
Son həftələr Rusiya ordusu tərəfindən Ukrayna-nın nəqliyyat infrastrukturuna zərbələr intensivləşib. Martın 2-də pilotsuz aparatla hərəkətdə olan “Ukrzaliznıtsya” sərnişin qatarına zərbə endirilib. Hadisə nəticəsində bir nəfər ölüb, bir neçə nəfər isə yaralanıb. Ağır xəsarət alan sərnişin xəstəxanaya aparılarkən yolda vəfat edib. Digər sərnişinlər müxtəlif dərəcəli xəsarətlər alıblar.
Fevralın 22-də isə Rusiya qüvvələri Donetsk, Zaporojye, Nikolayev və Odessa vilayətlərində dəmir yolu infrastrukturuna zərbələr endirib. Hücumlar nəticəsində iki lokomotiv zədələnib.
“AzPolitika.info”


Şərhlər