Ukrayna “Drujba” neft kəmərinin təmirini həyata keçirmək və bu kəmərlə Rusiya neftinin Avropaya nəqlini bərpa etmək niyyətində deyil. Səbəb isə Avropa İttifaqının Macarıstanın Ukrayna üçün nəzərdə tutulan 90 milyard avroluq kreditə qoyduğu vetonun aradan qaldırılacağına zəmanət verə bilməməsidir. Bu barədə Ukrayna hakimiyyətindəki mənbə RBC-Ukrayna nəşrinə bildirib.
Mənbənin sözlərinə görə, Macarıstanın Baş naziri Viktor Orban eyni zamanda Avropa İttifaqına 300 milyard avroluq Avropa müdafiə proqramı məsələsində də təzyiq göstərir.
“Orban uzun müddətdir ki, Brüsseldən Aİ-nin müdafiə proqramı çərçivəsində vəsait almaq istəyir. Brüssel isə bunu vermək istəmir. Buna görə də Orban Ukrayna üçün ayrılması nəzərdə tutulan 90 milyard avronu bloklayır. “Drujba” kəməri ətrafında baş verənlər isə paralel şəkildə inkişaf edir. Aİ isə bizə təzyiq göstərərək bildirir ki, guya problemin əsas səbəbi Rusiya neftinin tranzitinin dayanmasıdır”, – deyə mənbə qeyd edib.
Onun sözlərinə görə, Avropa İttifaqında hesab edirlər ki, Ukrayna Rusiya tərəfindən zədələnmiş neft kəmərini təmir etməli, onu qorumalı və bu kəmər vasitəsilə Avropaya yenidən Rusiya neftini nəql etməlidir.
“Biz isə soruşuruq: əgər bunu etsək, Orbanın 90 milyard avroluq krediti blokdan çıxaracağına zəmanət verirsinizmi? Onlar qeyri-müəyyən cavab verirlər. Yenə soruşuruq: problem nədədir? Cavab verirlər ki, siz “Drujba” kəmərini açmalısınız. Halbuki Orban bundan əvvəl də 90 milyardı bloklayırdı”, – deyə mənbə bildirib.
Ukrayna tərəfi hesab edir ki, əgər 90 milyard avroluq kredit üzrə veto aradan qaldırılmasa, ölkə Rusiya neftinin nəqlini bərpa etməyə borclu deyil.
“Əgər biz bu 90 milyard avrosuz qalacağıqsa, niyə rusların dağıtdığı neft kəmərini təmir edib Rusiya neftini nəql etməliyik? Əgər bütün Avropa İttifaqı bir siyasətçinin blokadasını aşa bilmirsə, bu da Aİ-nin imkanları haqqında çox şey deyir”, – deyə mənbə əlavə edib.
Yanvarın 27-də Rusiya “Drujba” neft kəmərinə zərbə endirmişdi. Nəticədə neft anbarında yanğın baş vermiş və alovun söndürülməsi 10 gün davam etmişdi. Bundan sonra Macarıstan və Slovakiyaya neft tranziti dayandırılmışdı. Hər iki ölkə tədarükün kəsilməsinə görə Ukraynanı günahlandırır.
Ukrayna Baş nazirinin birinci müavini Denis Şmıqal bildirib ki, zərbə zamanı anbarda 25 min kubmetr neft olub. Onun bir hissəsinin kəmərə vurulması nəticəsində kəmərin daxili avadanlığının bir hissəsi zədələnib.
Daha sonra Ukrayna Prezidenti Volodimir Zelenski qeyd edib ki, Ukrayna təxminən bir-bir ay yarım ərzində “Drujba” kəmərinin texniki fəaliyyətini bərpa edə bilər. Lakin bu, zədələnmiş infrastrukturun tam bərpası demək deyil.
Martın 5-də Macarıstanın baş naziri Viktor Orban isə Ukraynanı “Drujba” kəməri ilə neft tranzitini bloklamaqda ittiham edib və lazım gələrsə, nəqlin güc yolu ilə bərpa oluna biləcəyini bildirib.
“AzPolitika.info”


Şərhlər