Almaniyanın xarici işlər naziri Yohann Vadeful İranda müharibənin yaxın vaxtlarda başa çatacağı ilə bağlı proqnozlara şübhə ilə yanaşdığını bildirib.
“AzPolitika” xəbər verir ki, bu barədə o, Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetinə açıqlamasında danışıb.Nazirin sözlərinə görə, ABŞ hazırda diqqətini İranın hərbi potensialının zəiflədilməsinə yönəldib. Vadeful qeyd edib ki, İranın hərbi imkanları region ölkələri və Avropa üçün təhlükə yaradır.
“Düşünürəm ki, bu hücumlar ya qarşıya qoyulan məqsəd əldə olunana qədər, ya da İran tərəfi danışıqlara ciddi hazır olduğunu göstərənədək davam edəcək”, – deyə Almaniya XİN rəhbəri bildirib.
Ağ Ev isə ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi birgə hərbi əməliyyatın müddətini təxminən 4–6 həftə olaraq qiymətləndirir. ABŞ Prezidenti Donald Tramp da əməliyyatın 4–5 həftə davam edə biləcəyini bildirib. O, martın 6-da verdiyi açıqlamada müharibənin qarşıya qoyulan məqsədlərə nail olunana qədər davam edəcəyini qeyd edib.
Trampın sözlərinə görə, əməliyyatın başa çatdırılması ilə bağlı qərar İsrailin baş naziri Benyamin Netanyahu ilə birlikdə veriləcək.
Tehran isə ABŞ ilə danışıqlar aparmaq ehtimalını istisna edib. İran tərəfi bu mövqeyini Vaşinqtonla münasibətlərdə “çox acı təcrübə” yaşadıqlarını əsas gətirməklə izah edib.
“AzPolitika.info”


Şərhlər