Menu

Dumanın da internetini kəsdilər – Deputatlar şikayət edir

12.03.2026, 17:18
Dumanın da internetini kəsdilər – Deputatlar şikayət edir

Moskvadakı internet kəsintiləri Rusiya Dövlət Dumasına da çatıb.

“AzPolitika” xəbər verir ki, Rusiya mediasının yazdığına görə, sıravi vətəndaşların internet kəsintilərilə bağlı şikayətlərinə Duma üzvləri də qoşulublar. Şəbəkə bloklanması səbəbindən Dövlət Duması internet xidmətini itirib. Bunu Dumanın İqtisadi Siyasət Komitəsinin sədr müavini Mixail Delyagin açıqlayıb. Onun sözlərinə görə, parlamentin aşağı palatasındakı Wi-Fi şəbəkəsi tamamilə işini dayandırıb.

Deputat “Telegram”-da yazıb ki, parlament üzvləri hökumət tərəfindən təsdiqlənmiş dövlət messenceri Max-dan da istifadə edə bilmirlər. “İcazəli müxalifətçilik” edən Delyagin bir qədər də irəli gedərək, qəzəblə yazıb ki, “Vahid Rusiya” partiyasının “təkcə internet deyil, Dumadakı tualetləri də bağlaması lazılmdır”.

"Vedomosti"nin məlumatına görə, Dövlət Dumasının sədri Vyaçeslav Volodin Dumadakı kəsintilərin "təhlükəsizlik məsələləri" ilə əlaqəli olduğunu bildirib və narazı deputatları İnformasiya Siyasəti Komitəsinin rəhbəri Sergey Boyarskiyə müraciət etməyə çağırıb.

Qeyd edək ki, martın əvvəlindən Moskva və Sankt-Peterburqda mobil internetdə kəsintilər müşahidə olunur. Xüsusilə Moskvanın mərkəzində internet demək olar ki, tamamilə kəsilib, digər rayonlarda isə yalnız hökumətin "ağ siyahı"sındakı veb saytlar işləyir.

Kreml bloklamanı Ukraynanın "getdikcə daha mürəkkəb hücum metodlarından istifadə etməsi fonunda təhlükəsizliyi təmin etmək" məqsədilə əlaqələndirir. "Kommersant"ın mənbələrinə görə, internetin bağlanması Kremldən paytaxtda fəaliyyət göstərən bütün telekommunikasiya operatorlarına verilən əmrlər əsasında həyata keçirilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol