Menu

İran səfiri Azərbaycana təşəkkür etdi

12.03.2026, 17:31
İran səfiri Azərbaycana təşəkkür etdi

İranın səfiri Müctəba Dəmirçilu Rusiyadan göndərilən humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycana təşəkkür edib.

"Report" xəbər verir ki, səfir Lənkəran hava limanında jurnalistlərə açıqlamasında Rusiya tərəfindən İrana göndərilən humanitar yardımı Lənkəran aeroportunda qarşıladığını deyib.

"Bu təşəbbüsə görə Rusiya dövləti və xalqına, eyni zamanda, yaradılan şəraitə görə isə Azərbaycan hökuməti və xalqına minnətdarlığımı bildirirəm", - deyə bildirb.

O xatırladıb ki, ötən günlərdə Azərbaycan da birinci humanitar yardımını İrana yola salmışdı: "Bu bizim ortaq, müştərək mədəniyyətimizdən gəlir ki, biz dar günlərimizdə bir-birimizə kömək edirik. Mən bir daha fürsətdən istifadə edib həm Azərbaycan hökumətinə, həm də xalqına həmrəyliyə görə, humanitar yardıma görə təşəkkürlərimi ifadə edirəm".

Rusiya tərəfinin yaydığı məlumata görə, İrana 13 tondan çox humanitar yük - dərman və tibbi ləvazimatlar göndərilir.

Qeyd edək ki, martın 11-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Vladimir Putin Rusiya vətəndaşlarının İran İslam Respublikasından təxliyəsində göstərilən operativ köməyə, həmçinin ölkəsinin İrana göndərdiyi humanitar yardımın Azərbaycan ərazisindən keçməsinə yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Martın 10-da Azərbaycan İrana humanitar yardım göndərib. Humanitar yardımın tərkibinə 30 tona yaxın qida məhsulları, o cümlədən 10 ton un, 6 ton düyü, 2.4 ton şəkər, 4 tondan artıq içməli su, 600 kiloqrama yaxın çay, həmçinin 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxil idi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol