Birləşmiş Ştatlar Yaxın Şərq regionuna əlavə hərbi qüvvə və dəniz piyadalarının ekspedisiya dəstəsini göndərir.
“AzPolitika” xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti ABŞ rəsmilərinə istinadla məlumat verib.
Məlumata görə, ABŞ müharibə naziri Pit Heqset Mərkəzi Komandanlığın (CENTCOM) sorğusunu təsdiqləyərək amfibiya-desant qrupunun və dəniz piyadalarının ekspedisiya dəstəsinin bölgəyə yerləşdirilməsi əmrini verib. Bu hərbi dəstəyə minlərlə hərbi qulluqçu və əlavə gəmilər daxildir.
Əlavə qüvvələr sırasında “USS Tripoli” kimi amfibiya hücum gəmisi və ona qoşulan dəniz piyadaları da yer alır. Hərbi mənbələr bildirirlər ki, bu dəstələr artıq Yaxın Şərqə hərəkət edib və bölgədəki əməliyyatları dəstəkləyəcək.
Pentaqon rəsmilərinin açıqlamasına görə, bu qərar İranın Hörmüz boğazı və ətraf bölgələrdə son vaxtlar artırdığı hərbi fəaliyyətlərə cavabdır. Son dövrlərdə İranın hərbi aktivliyi dəniz yollarına və neft ticarətinə təhlükə yaradır, ABŞ isə bu addımla regionda strateji mövqeyini gücləndirməyə çalışır.
Hələlik rəsmi açıqlamada göndərilən qüvvələrin dəqiq sayı və yerləşdirilmə təfərrüatları açıqlanmayıb. Lakin hərbi mənbələr bildirirlər ki, əlavə qüvvələr bölgədəki əməliyyatların daha effektiv idarə olunmasına xidmət edəcək.
ABŞ nin bu hərbi əlavə göndərişi regionda vəziyyətin partlayış həddində olduğu dövrdə baş verir. Hörmüz boğazı dünya neft ticarəti üçün strateji əhəmiyyət kəsb edir və son zamanlar burada baş verən hadisələr qlobal enerji bazarına birbaşa təsir göstərir. ABŞ hərbi mövcudluğunu artırmaqla həm regional tərəfdaşlarını qorumaq, həm də İranın mümkün hərbi təzyiqlərinə qarşı hazırlığını göstərmək istəyir.
“AzPolitika.info”


Şərhlər