Fransa Prezidenti Emmanuel Makron iranlı həmkarı Məsud Pezeşkian ilə telefon danışığı zamanı regionda müharibənin dayandırılmasının və eskalasiyanın azaldılmasının zəruriliyini vurğulayıb.
"Report" xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.
Qeyd olunub ki, Makron regionda vəziyyətin, Hörmüz boğazındakı şəraitin kəskinləşməsindən, habelə "Hizbullah" hərəkatı ilə İsrail arasında davam edən münaqişədən narahatlığını ifadə edib.
Pezeşkian, öz növbəsində, həmsöhbətinə ABŞ və İsrailin "qanunsuz təcavüz"ünün miqyası barədə məlumat verib.
"İran xalqı, hökuməti və silahlı qüvvələri heç vaxt gərginlik və münaqişəyə can atmayıb, lakin təcavüzkarlara müqavimət göstərməyin zəruriliyinə, öz ərazi bütövlüyümüzün və milli təhlükəsizliyimizin qətiyyətli, qanuni müdafiəsinə dair ən kiçik şübhəmiz belə yoxdur", – deyə ISNA İran Prezidentinin sözlərini sitat gətirib.
Fransa Prezidenti Məsud Pezeşkian ilə telefon danışığının detallarını açıqlayıb.
O, bu barədə "X" sosial media hesabında paylaşım edib.
Fransa Prezidentinin sözlərinə görə, o, Pezeşkiana İranın region ölkələrinə qarşı həyata keçirdiyi "qəbuledilməz hücumları" dərhal dayandırmağa çağırıb.
Makron iranlı həmkarına bildirib ki, eskalasiya bütün regionu ağır nəticələri olan xaosa sürükləyir, İran və region əhalisi bunun qurbanına çevrilir.
"Yalnız yeni siyasi və təhlükəsizlik çərçivəsi hamı üçün sülh və təhlükəsizliyi təmin etməyə imkan verəcək. Belə bir çərçivə İranın ballistik proqramı, eləcə də regional və beynəlxalq sabitliyi pozan fəaliyyətlərindən qaynaqlanan təhdidləri aradan qaldırmaqla yanaşı, onun heç vaxt nüvə silahına sahib olmayacağına zəmanət verməlidir", - Makron bildirib.


Şərhlər