Avropa İttifaqı liderləri martın 19-20-də Brussels şəhərində bir araya gəlməyə hazırlaşır.
“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, görüşün əsas gündəliyini qlobal geosiyasi böhranlar və vahid mövqenin formalaşdırılması məsələsi təşkil edir.
Brüsseldə fəaliyyət göstərən Avropa Siyasət Mərkəzinin direktoru Fabian Zuleeg bildirib ki, Avropa artıq Donald Trump administrasiyasının İranla bağlı mümkün qarşıdurmasına dəstək verməyəcəyini açıqlayıb. Buna baxmayaraq, Aİ ölkələri mümkün enerji böhranına qarşı birgə reaksiya vermək məcburiyyətində qala bilər.
Ekspert vurğulayıb ki, hazırda Rusiyaya qarşı mövqe dəyişməz qalır və ucuz qaz üçün Moskva ilə dialoqun bərpası gündəmdə deyil: “Biz hələ də Rusiya ilə qarşıdurma vəziyyətindəyik. Rusiya neft və qaz gəlirləri bu müharibəni maliyyələşdirir. Buna görə də böyük dəyişiklik gözləmirəm”.
Onun sözlərinə görə, mümkün atəşkəsdən sonra bəzi dairələr Rusiyadan qaz idxalına qayıtmağı təklif edə bilər, lakin bu, səhv addım olar.
Eyni zamanda, Ukraynaya dəstəyin davam etdirilməsi Aİ daxilində çətinliklərlə üzləşir. Bildirilir ki, Macarıstan hələ də Kiyev üçün nəzərdə tutulan 90 milyard avroluq kredit paketini bloklayır.
Bu arada, Moskvadan verilən açıqlamada Vladimir Putinin hökumətə Rusiya enerji axınlarının Avropadan başqa istiqamətlərə yönləndirilməsi imkanlarını araşdırmağı tapşırdığı bildirilib. Kremlin sözçüsü Dmitry Peskov isə qeyd edib ki, Moskva hələ də danışıqlara açıqdır.
“AzPolitika.info”


Şərhlər