Rusiya hökuməti Böyük Britaniyanın Moskvadakı səfirliyinin ikinci katibi Yanse Cerardusun ölkədən çıxarılması barədə qərar qəbul edib.

“AzPolitika” bildirir ki, bu barədə TASS agentliyi Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) açıqlamasına istinadən məlumat yayıb.

FTX-nin iddiasına görə, britaniyalı diplomatın fəaliyyətində “kəşfiyyat və təxribat xarakterli əlamətlər” aşkarlanıb. Bildirilir ki, o, Rusiya təhlükəsizliyinə təhdid yaradan fəaliyyətlə məşğul olub, həmçinin qeyri-rəsmi görüşlər zamanı iqtisadi sahə üzrə rusiyalı ekspertlərdən həssas məlumatlar əldə etməyə çalışıb.

Xidmət həmçinin iddia edir ki, Cerardus viza alarkən özü barədə yanlış məlumat təqdim edib. Bu səbəbdən onun diplomatik akkreditasiyası ləğv edilib və iki həftə ərzində ölkəni tərk etməsi tələb olunub. Rusiya Xarici İşlər Nazirliyi isə Moskvada Böyük Britaniyanın müvəqqəti işlər vəkili Deyni Dolakiyaya etiraz notasını təqdim edib.

FTX eyni zamanda Rusiya vətəndaşlarını britaniyalı diplomatlarla əlaqələrdən çəkinməyə çağırıb və belə halların cinayət məsuliyyəti yarada biləcəyi barədə xəbərdarlıq edib. Böyük Britaniyanın Xarici İşlər Nazirliyi hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, sonuncu dəfə 2026-cı ilin yanvar ayının ortalarında da Rusiya XİN Böyük Britaniya səfirliyinin bir əməkdaşının akkreditasiyasını oxşar ittihamlarla ləğv etmişdi.

“AzPolitika.info”