ABŞ və İsrail ilə İran arasında davam edən gərginlik fonunda ABŞ mediasında diqqətçəkən iddia ortaya atılıb. 

"The Wall Street Journal" nəşrinin hökumət mənbələrinə istinadən yaydığı xəbərə görə, ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı tam açılmasa belə, İrana qarşı aparılan hərbi əməliyyatları dayandırmağa hazırdır.

Trampın bu mövqeyi yaxın ətrafına çatdırdığı bildirilir. İddiaya əsasən, o, məsləhətçilərinə bildirib ki, Hörmüz boğazı böyük ölçüdə bağlı qalsa belə, hərbi əməliyyatların dayandırılması mümkündür.

Məlumatda bildirilir ki, Vaşinqton hazırda hərbi variantlardan çox, Tehrana diplomatik təzyiq göstərməyə üstünlük verir. ABŞ-nin əsas hədəfləri sırasında İranın dəniz qüvvələri və raket imkanlarının zəiflədilməsi dayanır.

Diplomatik səylərin nəticə verməyəcəyi təqdirdə isə Trampın Hörmüz boğazının açılması təşəbbüsündə Avropa və Körfəz ölkələrinin ön planda olmasını istədiyi vurğulanır. Hərbi variantların da gündəmdə olduğu, lakin hazırda prioritet təşkil etmədiyi qeyd edilir.

"AzPolitika.info"