Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan seçkiqabağı rüşvət qalmaqalı ilə bağlı sərt açıqlama verib.
O, bildirib ki, “Kaluqa oliqarxı” kimi təqdim etdiyi şəxsin komandasının üzvlərinin seçicilərə rüşvət paylayarkən yaxalanmasından iki gün keçsə də, ictimaiyyətin bəzi təbəqələri bu məsələyə reaksiya vermir.
Rubinyan sual edib ki, niyə jurnalistlər, redaktorlar, ziyalılar, din xadimləri və hüquq müdafiəçiləri bu hadisəni görməzdən gəlirlər: Onlar bu faktı pisləyən açıqlama veriblərmi?
Bu mövzu ilə bağlı hər hansı material dərc ediblərmi?
Seçicilərin pulla ələ alınmasına etiraz ediblərmi?
Vitse-spikerin sözlərinə görə, bu sualların cavabı mənfidir.
Rubinyan xüsusilə Ktriç Nersisyanın mövqeyini də tənqid edib. O bildirib ki, kilsə rəhbərliyi seçici alverinin xristian dəyərlərinə zidd olduğunu açıq şəkildə bəyan etməyib.
Erməni siyasətçi iddia edib ki, susqunluğun səbəbi həmin şəxslərin bu prosesdən faydalanmalarıdır. Onun fikrincə, onlar 2018-ci ildən hakimiyyətin xalqın əlində olmasını qəbul edə bilmirlər.
Rubinyan əlavə edib ki, 7 iyun tarixində xalq bu qüvvələrə münasibətini nümayiş etdirəcək və “onların yerini göstərəcək”.
“AzPolitika.info”

Şərhlər