Azərbaycanın keçmiş xarici işlər naziri, təcrübəli diplomat Tofiq Zülfüqarov Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Moskvada baş tutan son görüş haqqında maraqlı açıqama verib. Diplomat bu görüş ətrafında yaranan "demokratik liderin imperiya ambisiyalarına müqaviməti" görüntüsünün sadəcə bir siyasi şou olduğunu bildirib.

Tofiq Zülfüqarovun fikrincə, Ermənistandakı Rusiya hərbi varlığı və Moskvanın bu ölkənin güc strukturları üzərindəki tam nəzarəti olduğu kimi saxlanılacaq. Bu məsələdə hər hansı ciddi dəyişiklik gözlənilmir.

Görüşün iqtisadi tərəfinə toxunan T.Zülfüqarov qeyd edir ki, tərəflər arasındakı iqtisadi qarşılıqlı fəaliyyət səviyyəsi, xüsusən də beynəlxalq sanksiyaların Ermənistan üzərindən dolanaraq aşılmasına dair gizli sövdələşmələrin həcmi daha da artırılacaq.

Diplomat bildirir ki, Moskva tərəfindən idarə olunan və "Kremlin adamı" kimi təqdim edilən bəzi siyasi fiqurlar (məsələn, Samvel Karapetyan və s.) qarşıdakı seçkilərdə bilərəkdən aşağı nəticələr alacaqlar. Bu, Paşinyanın "xalqın seçimi" olduğu görüntüsünü gücləndirmək və onun rəqiblərini ictimaiyyət qarşısında alçaltmaq üçün qurulmuş bir ssenaridir.

Onun sözlərinə görə, Rusiya öz müttəfiqinə Qərbdən müəyyən limitlər daxilində kreditlər, qrantlar və yardımlar almağa "yaşıl işıq" yandırıb. Bu, Ermənistanın iqtisadi ayaqda qalması üçün Moskvanın verdiyi icazə kimi qiymətləndirilir.

Tofiq Zülfüqarov hesab edir ki, de-fakto Rusiya öz əbədi vassalına – Paşinyana “Rusiyanın Ermənistan quberniyası”nda idarəçiliyini davam etdirməyə icazə verib".

Sonda diplomat maraqlı bir iddia ilə çıxış edib: "Hesab edirəm ki, Paşinyan eyni vaxtda iki stulda oturmaq bacarığına və göstərdiyi xidmətlərə görə gizli şəkildə hansısa Rusiya ordeni ilə də təltif edilib".

“AzPolitika.info”