Ermənistanın Antikorrupsiya Komitəsi Eçmiədzin şəhərində keçirilən Ağsaqqallar Şurasına seçkilər zamanı kütləvi seçki rüşvəti faktları ilə bağlı şok təfərrüatlar açıqlayıb. Məlumata görə, seçiciləri pulla ələ almaqda ittiham olunan 62 nəfər barəsində cinayət təqibi başlanılıb.
İstintaqın məlumatına görə, cinayətkar qrupun üzvləri öz məqsədlərini həyata keçirmək üçün əsasən Ermənistan Respublika Partiyasının (Serj Sarkisyanın rəhbərlik etdiyi partiya - red.) geniş əlaqələri olan üzvlərini prosesə cəlb ediblər.
Qrupun fəaliyyəti nəticəsində 50-dən çox şəxsə hər səs üçün 50.000 dram (təxminən 215 manat) rüşvət vəd edilib. Bunun müqabilində seçicilərdən "Vətən" (Hayrenik) partiyasının namizədinə səs vermələri tələb olunub. Hüquq-mühafizə orqanları cinayət işi çərçivəsində təkzibedilməz sübutlar, o cümlədən səs yazıları dərc ediblər. Məlum olub ki, qrup üzvləri ələ alınmış seçicilərin xüsusi siyahılarını hazırlayıblar. Seçki günü isə həmin şəxslərin məntəqələrə gedib vəd olunan qaydada səs vermələrini təmin etmək üçün onlarla daimi telefon əlaqəsində olublar.
Keçirilən axtarışlar zamanı Antikorrupsiya Komitəsi tərəfindən rüşvət təklifini qəbul edən şəxslərin adları olan əlyazma qeydləri, seçicilərin siyahıları və səs verəcəkləri seçki məntəqələrinin nömrələri, seçki rüşvətinin paylanmasına köməklik edən şəxslərə dair sənədlər ələ keçirilib.
Bildirilir ki, 62 müttəhimin bir hissəsi artıq öz təqsirini etiraf edib və istintaqa geniş ifadə verib. Təqsirləndirilən şəxslərdən bəzilərinin işi ümumi icraatdan ayrılaraq ittiham aktı ilə birlikdə məhkəməyə göndərilib.
“AzPolitika.info”

Şərhlər
Ay Azerbaycan hökumeti Ermenistana Gürcustana baxib utanmaq lazimdir. Korrupsiya, tayfabazliq, monopoliya tugyan eleyir Azerbaycanda.. Gürcustan tehsili pulsuz edib öz vetendaşi úçun...